Almaniyada 68 min vakansiya – rekord sayda işçi qıtlığı
Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Almaniyada İT (İnformasiya Texnologiyaları) mütəxəssisləri sahəsindəki çatışmazlıq ötən il rekord səviyyəyə çatıb. Bu sahədə 68 minə qədər vakansiya boş qalıb.
Mərkəzi Köln şəhərində yerləşən Almaniya İqtisad İnstitutunun İxtisaslı Kadr Təminatı Mərkəzinin (KOFA) iyunun 8-də açıqladığı araşdırmanın nəticələrində informasiya texnologiyaları sahəsindəki kadr çatışmazlığı faktı diqqət çəkib.
Mərkəzin verdiyi məlumata görə, 2022-ci ildə Almaniya miqyasında kompüter mühəndisi, proqramçı kimi sahələrdə 67 924 iş yeri boş qalıb. Bu, mərkəzin hesablamalar aparmağa başladığı 2010-cu ildən bəri ən böyük rəqəmdir. Həmçinin, ötən il informasiya texnologiyaları sahəsindəki ixtisaslara malik 27 136 nəfər iş tapa bilməyib.
Mərkəzin mütəxəssislərinin fikrincə,iqtisadiyyatın bütün sahələrində rəqəmsallaşmanın getdikcə artması səbəbindən bu sahədə ixtisaslı kadrlara ehtiyac artır. Əslində bu sahədə kadr çatışmazlığı 2015-ci ildən bəri aktualdır. Pandemiya dövründə boş yerlərin sayı müvəqqəti azalsa da, 2021-ci ildən yenidən artmağa başlayıb.
Mərkəzin araşdırmasına görə, informasiya texnologiyaları sahəsində xüsusilə ali məktəb məzunu olan ixtisaslı kadrların çatışmazlığı daha çoxdur. Bu sahədə hər 10 vakansiyadan 8-i – ümumilikdə 34 min yer müvafiq kadr tapılmadığı üçün boş qalıb. Yaxın gələcəkdə də bu yerlərə uyğun mütəxəssislərin yetərli sayda olacağı gözlənilmir. Almaniyada riyaziyyat, texnika və texnologiya sahələrində oxuyan tələbə sayı son illərdə azalıb. Buna görə, məzunların da sayı azalmaqdadır.
Hürr Tərcüman