📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Almaniyanın yeni hökuməti Türkiyə ilə əlaqələri möhkəmləndirəcək" - ELMAN VƏLİYEV

2021-12-09 14:14:00

"Ancaq ilk Rusiya yeni hökumətlə dialoqlara başlayacaq, çünki Almaniya ilə nizamlı diplomatiya Kremlə lazımdır"

"Almaniyada uzun müddətdən sonra hakimiyyətə 3 partiyalı koalisiya gəldi. Sosial Demokrat (qırmızılar), Yaşıllar və Azad Demokrat (sarılar) partiyalarından ibarət yeni hökumət bir çox sahədə dəyişikliklər edəcək". Hurriyyet.az xəbər verir ki, bunu DİA (Dövlət İdarəçilik Akademiyası) Politoloqlar klubunun sədri, siyasi ekspert Elman Vəliyev deyib.

Yeni hökumətə sabiq kansler Angela Merkelin maliyyə naziri olmuş Olaf Şoltsun başçılıq edəcəyini xatırladan siyasi ekspert bildirib ki, hökumətin proqramına əsasən sosial məsələlər, iqlim məsələləri daxil olacaq, amma siyasi məsələlər də geri qalmayacaq: "Sabiq kansler Merkelin vaxtında Almaniya-Rusiya münasibətləri nizamlı şəkildə davam edirdi, hətta Rusiya "Şimal axını 2" layihəsini həyata keçirdə bildi. Bu layihə vasitəsilə Rusiya qazı Almaniya və digər Avropa ölkələrinə çatdırılır. Hesab edirəm ki, yeni hökumət Amerika ilə münasibətləri daha da möhkəmləndirməyə çalışacaq. Ancaq ilk Rusiya yeni hökumətlə dialoqlara başlayacaq. Çünki Almaniya ilə nizamlı diplomatiya Rusiyaya lazımdır. Almaniya da Ukrayna məsələsinə görə narahatdır. Rusiya bilir ki, Ukraynaya qarşı təzyiqlər etsə, Almaniya qaz layihəsinə sanksiyalar tətbiq edə bilər, bəlkə də daha artığını".

Elman Vəliyevin fikrincə, "işıqfor" hökuməti Türkiyə ilə olan əlaqələri möhkəmləndirəcək, hətta miqrantlar məsələsinə görə yardımlar belə edə bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az