📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

""Altılıq platforma" Rusiya üçün "könüllü məcburi" kimi qəbul edilə bilər" - SAMİR HÜMBƏTOV

2021-11-04 12:10:00

"Kreml strateqləri yavaş-yavaş anlamağa başlayırlar ki, zor gücünə və silahla nəyisə əldə etmək dövrü artıq bitib"

"Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq keçirib və bu brifinqdə bəzi məsələlərə münasibət bildirib. Brifinq zamanı verilən suala cavab olaraq Zaxarova bildirib ki, “Biz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyirik”. Zaxarovanın bu fikri ilk baxışdan Rusiyanın regionla bağlı niyyətinin təmmiz olduğunu göstərsə də, yaddan çıxarmaq olmaz ki, 8 avqust 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri Rusiya tərəfindən işğal edildi". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Siyasi ekspert qeyd edib ki, məhz buna görə də Gürcüstan tərəfi Rusiya ilə hansısa platformada iştirak etmək niyyətində olmadığını hər fürsətdə dilə gətirməkdədir: "Digər tərəfdən isə Gürcüstanın daha çox qərblə, xüsusilə də ABŞ-la yaxınlaşmaq niyyəti 6-lıq platformada Gürcüstan və Rusiyanın birgə olması məsələsini şübhə altında qoyur. 18 oktyabr 2021-ci ildə Gürcüstanda səfərdə olmuş ABŞ-ın müdafiə naziri Lloyd Austin Gücrcüstan müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu görüşdən sonra təşkil edilmiş mətbuat konfransında çıxışı zamanı ABŞ müdafiə naziri “altılıq platforması”nın yaradılması məsələsinə münasibət bildirərkən deyib ki, “Yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin”. Fikrimcə, ABŞ müdafiə nazirinin bu açıqlaması ABŞ-ın altılıq platforma ilə bağlı mövqeyini tam şəkildə ortaya qoymuş oldu".

Samir Hümbətovun sözlərinə görə, Rusiya XİN sözçüsü Zaxarova brifinq zamanı onu da qeyd edib ki, çoxşaxəli regional əməkdaşlığın inkişaf etdirilməsi bu formatın bütün mümkün iştirakçılarının mənafeyinə uyğundur: "Burada yaranan əsas sual ondan ibarətdir ki, niyə Rusiya bu platformanın yaradılması üçün bu qədər maraq göstərir? Təbii ki, burada Rusiyanın bir neçə hədəfi olduğu aydın şəkildə görünməkdədir. 1. Gürcüstanla iqtisadi əməkdaşlığı gücləndirməklə aralarındakı konflikti unutturmaq və onu təsir dairəsində saxlamaq. 2. ABŞ və Avropa Dövlətlərinin regiondan mümkün qədər məsafəli saxlamaq. 3. Uzun illərdir Qərbdən özünə qarşı tətbiq edilmiş sanksiyaların təsirini bu platforma vasitəsi ilə qurulacaq iqtisadi əməkdaşlıqla aradan qaldırmaq. 4. Təkcə Cənubi Qafqaz dövlətləri ilə deyil, eyni zamanda Türkiyə və İranla əməkdaşlığı gücləndirməklə ticarət-iqtisadi şəbəkəsini möhkəmləndirmək və s. 5. Ukrayna məsələsi hələ də gərgin olaraq qalır və demək olar ki, gərginlik hər gün daha da artmaqdadır. Ona görə də Rusiya ikinci belə böyük münaqişədən yan keçməyə çalışır".

Ekspert bildirib ki, ərazisi kimi Rusiyanın arzuları da çoxdur, amma dünya siyasətinin mövcud reallıqları isə başqadır: "Kreml strateqləri yavaş-yavaş anlamağa başlayırlar ki, zor gücünə və silahla nəyisə əldə etmək dövrü artıq bitib. İndi əsas məsələ siyasi və iqtisadi müstəvidə uğur əldə etməkdir. Demək olmaz ki, altılıq platformanın yaradılması tam şəkildə Rusiyanın maraqlarına xidmət edir. Buna baxmayaraq mövcud beynəlxalq siyasi şərait Rusiyanı vadar edir ki, Türkiyə və İranın da regionda varlığına səbrli yanaşsın. Odur ki, "altılıq platforma" Rusiya üçün "könüllü məcburi" kimi qəbul edilə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az