AMEA hazırda nə iş görür? - “Detalları deyə bilmirəm, amma...”
Xəbər verdiyimiz kimi, iyulun 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb və nazirliyin balansında iki agentlik yaradılıb. Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Azərbaycan Milli Elmlər Akademiyası Fərman nəzərə alınmaqla Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Fərmanın imzalanmasından bir neçə gün keçdiyi üçün işlərə başlanılması, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturunun hazırlanması ilə bağlı vəziyyəti öyrnmək üçün qurumla əlaqə saxladıq.
Hurriyyet.az-ın məlumatına görə, AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimov Cebhe.info-ya bildirdi ki, işə fərman verildiyi gündən başlanılıb:
“Sənəd hazırlanmalıdır, akademiyaya aid hissəsi Ümumi Yığıncaqda təsdiq olunub Nazirlər Kabinetinə göndərilməlidir. Göstərişlər verilib, iş gedir. Muzeylər Mədəniyyət Nazirliyinə verilib, elmi institutlar Elm və Təhsil Nazirliyində yeni yaranan agentliyin tərkibinə veriləcək. Ondan sonra onlar tərəfindən sənədlər hazırlanacaq. Elmi institutları maraqlandıran suallar olanda müraciət edəcəklər. Yəqin ki, onda iştirakları da təmin ediləcək. Yeni başlanıb deyə detalları deyə bilmirəm, işin gedişində hər şey aydın olacaq”.
Arif Həşimov nizamnamənin nə zaman qəbul ediləcəyini bilmədiyini deyib:
“Ümumi Yığıncağın vaxtı hələ məlum deyil. İşin gedişatından asılı olaraq fiirləşib ona uyğun bir vaxt seçiləcək”.
Dia.az