📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AMEA və Təhsil Nazirliyi ilə bağlı qərarlar nəyi dəyişəcək? - AÇIQLAMA

2022-07-29 12:06:00

AMEA və Təhsil Nazirliyi ilə bağlı qərarlar nəyi dəyişəcək? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra müəssisələrinin digər nazirliklərə verilməsi qərarı, eyni zamanda Təhsil Nazirliyinin adının dəyişdirilərək Elm və Təhsil Nazirliyi gözlənilən idi".

Bu sözləri açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Ölkə başçısının ötən gün Təhsil Nazirliyi və AMEA ilə bağlı  imzaladığı fərmanlarından danışan Q.Məhərrəmov Prezidentin daha əvvəlki sərəncamlarını da xatırladıb:

“Bu fərmanlar o cəhətdən gözlənilən oldu ki, islahat lazım di. Çünki bir neçə gün əvvəl Prezident sərəncam imzalamışdı və orada qeyd olunurdu ki, dünyanın bynəlxalq impak faktorlu jurnallarında yayımlanan məqalələrin sayı 40% artırılması, həmçinin elm və qarşısında iqtisadi inkişafa töhfə, elmin kommersiyalaşması kimi böyük hədəflər qoyulurdu. Ona görə belə bir reform gözlənilən idi. 

Bunu xüsusilə qeyd etmək lazımdır ki, AMEA illərin elm məbədidir və orada savadlı kadrlar, elmi tədqiqat olmaqla yanaşı, müəyyən qədər köhnəlmiş bölmələr də var idi. Müəyyən insanlar var ki, orada elmi fəaliyyətlə məşğul olmurdular. Orada bəzilərinin sadəcə adları olsa da, özləri isə işə getmidilər. Bəzi bölmələr var idi ki, əslində, digər bölmənin təkrarı kimi idi, ciddi bir funksiya daşımırdı. Yəni həmin bölmə başqa bir bölmə ilə təxminən eyni işi görürdü və yaxud başqa bir nazirliyin müvafiq bölməsi ilə eyni işi görürdü. Ona görə də AMEA-nın müəyyən qədər kiçilməsi məncə, onu daha da çevikləşdirəcək və gəncləşdirəcək. 

Bu, bir ağacın budanması kimi olacaq və bu yolla ağac daha da gəncləşdiyi kimi AMEA daha da gəncləşəcək”. 

Ekspert Təhsil Nazirliyinin adının Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilməsinin təqdirəlayiq olduğunu bildirib:

“Bu nazirliyin tərkibində də iki agentliyin qurulması da işləri müəyyən qədər asanlaşdıracaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qurulacaq və beləliklə həmin qurumlar təhsilin həmin iki sahədəki prosesini daha çevik idarə edə biləcəklər. Məncə, bu iki qurum səlahiyyətin bölüşüdürülməsi işini görəcək. Təhsil Nazirliyinin bir şöbəsi bütün ümumi təhsili idarə etməklə müəyyən qədər çətinlik çəkirdi. Bir şöbənin artıq daha geniş səlahiyyətlər olan agentliyə çevrilməsi məncə, gözəl bir addımdır.  

AMEA-nın ləğv olunması ilə bağlı dezinformasiyalar var. Bu qurum sadəcə kiçilib. Yenə bu qurumda magistrantlar, doktorantlar olacaq, burada elm müəssisəsi kimi tədqiqatlar aparılacaq”.

Təhsil eksperti Elçin Əfəndi də Ölkə.Az-a açıqlamasında Elm və Təhsil Nazirliyi, həmçinin AMEA ilə bağlı fərmanları müasir təhsil çağırışlarına cavab vermək baxımından müsbət qiymətləndirib:

“Son dövrlər Elmlər Akademiyasının adı daha çox dilçilik məsələrində hallanırdı. Təəssüf ki, biz AMEA-nın hər hansı bir yeniliyə, ümumiyyətlə elmin inkişafına töhfə verəcək hər hansı bir yeniliklərini görmürdük. 

İndiki dövrdə alimlər, elmlər namizədləri, elmlər doktorları üçün bir növ bürokratik əngəllər yaradılırdı. Düşünürəm ki, bu əngəllər də bundan sonra aradan qalxacaq, ölkəmiz müvafiq elmi naliyiyyətlər qazanacaq”,- deyə o söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanlarla Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub. Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Ölkə.az