“AMERİKANI İTİRİRİK...” - Zelenski xəyanətdə ittiham edir, Mask isə...
"Neft emalı zavodlarına zərbələrə qoyulan qadağa qaldırılıb. Biz buna son qoyduq". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist Piers Morqana müsahibəsində deyib. Bu o deməkdir ki, Ukrayna ABŞ administrasiyasının Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələbini rədd edir...
Zelenski həmçinin əlavə edib ki, əgər Ukrayna Rusiya neft zavodlarına zərbələri dayandırsa, ABŞ ilə Rusiya arasında növbəti “sövdələşmə” qazla bağlı olacaq: "Sual budur ki, növbəti razılaşma nə vaxt olacaq? Söhbət qazla bağlı ola bilər. Söhbət mütləq qazla bağlı olacaq".

Ümumiyyətlə, Zelenski həmin müsahibəsində ABŞ-Ukrayna münasibətlərinin tərəfdaşlıq statusunu itirdiyinə eyham vurub. O, açıq şəkildə Ukraynanın Amerikanı "itirdiyini" bildirib. Jurnalist Ukrayna başçısından soruşub: "Baş verənlərə görə özünüzü xəyanət olunmuş hiss edirsinizmi?". Cavabında Zelenski deyib: "Əslində, bəli… Biz güclü tərəfdaşımızı itiririk. Bu, mənim fikrimdir".
"Sizcə, Amerikanı itirirsiniz?" sualına Zelenski "Bəli, amma bizə görə yox. Zəif olmağı qəbul edə bilmərik, əks halda sağ qala bilmərik. Biz ölkəmizi satmırıq" cavabını verib.

O qeyd edib ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın "neytral qalmasına" qarşı deyil:
"Amma neytral qalmaq qərarına gəlsəniz, orada qalmalısınız. Səhv tərəfdə deyil... Düşünürəm ki, onun məsləhətçiləri səhv edirlər. Onu kimin səhv tərəfə itələdiyini bilmirəm... Bu, tarixin səhv tərəfidir”.
Bir sözlə, ABŞ-Ukrayna münasibətlərindəki öncəki ziddiyyətlər və narazılıqlar tamamilə açıq müstəviyə çıxır və öz tarixinin yəqin ki, ən böhranlı anını yaşayır. Bu böhranın yaradıcısı isə daha çox ABŞ tərəfi – Tramp administrasiyası görünür…
Rusiya neft email zavodlarına zərbələrin bərpasına gəlincə, Zelenski qeyd edib ki, Trampın elan etdiyi "enerji atəşkəsi" çərçivəsində Ukrayna üç gün Rusiyanın enerji obyektlərinə zərbə endirməyib. Buna baxmayaraq, Rusiya Ukraynanın enerji obyektlərinə hücum edib.
Qeyd edək ki, 11 oktyabrda Tramp Ukrayna və Rusiya arasında gözlənilmədən "enerji atəşkəsi" elan etdi və guya hər iki tərəfin buna razılaşdığını bildirdi. 12 oktyabrda məlum oldu ki, Trampın nəzərdə tutduğu “atəşkəs” yalnız hər iki ölkədəki neft emalı zavodlarına zərbələrin dayandırılmasını nəzərdə tutur, Ukraynanın enerji infrastrukturuna zərbələri yox. Hansı ki, Ukraynada yalnız bir neft email zavodu var və o da zatən Rusiya zərbələri nəticəsində demək olar işləmir. Rusiyanın isə onlarla iri neft email zavodu var və bu o deməkdir ki, Trampın “enerji atəşkəsi” yalnız Rusiya zavodlarını qorumaq üçündür…

Daha sonra bir neçə media orqanı Tramp administrasiyasının Ukraynaya və onun Avropa müttəfiqlərinə xəbərdarlıq etdiyini, əgər Kiyev Rusiya neft emalı zavodlarına zərbələri dayandırmasa, Vaşinqtonun Ukrayna üçün kəşfiyyat məlumatlarının mübadiləsini və Avropa ölkələrinə Ukrayna üçün Amerika silahlarının satışını dayandıracağını bildirdi. İndi biz həmin prosesi müşahidə etməkdəyik…
Üstəlik, Ukrayna ordusu son günlər Rusiyadan ballistik raketlərin atılması ilə bağlı Amerikadan heç bir xəbərdarlıq almayıb. Yəni, ABŞ Ukraynaya raket hücumları barədə xəbərdarlıq, kəşfiyyat məlumatları ötürülməsini faktiki olaraq dayandırıb. Bu isə infrastrukturun müdafiəsi tədbirləri bir yana, insanların həyatını zərbə altında qoyur və xəbərdarlıq olmadığı üçün sığınacaqlara düşə bilməyən insanlar həlak olur.

Üstəlik, Ukrayna daxilində “Starlink” rabitə xidməti yavaşlamağa başlayıb və bu da cəbhə xəttindəki əməliyyatları çətinləşdirib. Zelenskinin sözlərinə görə, amerikalı hərbçilər Ukrayna ordusuna Rusiyanın enerji obyektlərinə zərbələr davam edərsə, kəşfiyyat məlumatlarının paylaşılmasının bloklanacağı barədə açıq şəkildə xəbərdarlıq ediblər. Ardınca, faktiki olaraq məlumatlar bloklanıb, lakin ABŞ tərəfi bunun guya “texniki xəta” olduğunu iddia edib. Ancaq Kiyev buna inanmır. Zelenski bununla bağlı deyib: "Bu, texniki problem deyil, iradə məsələsidir".

“Starlink”in Ukraynadakı fəaliyyətilə bağlı daha bir maraqlı məqam onun sahibi İlon Maskla ABŞ administrasiyasının günahı bir-birinin üstünə atmasıdır. Belə ki, dünən Ukrayna ordusu üçün “Starlink” terminallarının fəaliyyətinin məhdudlaşdırıldığı barədə məlumatlar ortaya çıxdı. Bu, Ukrayna üçün bir sıra vacib missiyaları pozdu. Kiyevdəki yüksək vəzifəli şəxslər “Financial Times” qəzetinə bildiriblər ki, məhdudiyyətlər xəbərdarlıq edilmədən, gecə yarısı tətbiq edilib. Lakin “Axios” nəşri ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadla bildirdi ki, Ağ Ev Ukraynadakı “Starlink” peyk sisteminə qoyulan məhdudiyyətlərdə hər hansı bir iştirakını təkzib edib. Ancaq Mask özü bir gün əvvəl “Starlink”in hərbi versiyası olan “Starshield”in ABŞ hökumətinin nəzarəti altında olduğunu bəyan etdi.
"İstənilən sürət və ya istifadə məhdudiyyətləri ABŞ ordusu və nəticədə ABŞ Prezidenti tərəfindən müəyyən edilir", - deyə milyarder X sosial media platformasında yazdı.

Bu o deməkdir ki, Ukraynanı “Starlink”siz və Rusiya qarşısında müdafiəsiz qoymaq təşəbbüsü Ağ Evdən gəlir və Mask özü də qətiyyən bunun əleyhinə deyil. Bunu onun Zelenskinin istefası tələbi də təsdiqləyir.
Trampdan sonra açıq-aşkar Ukraynanın daxili işlərinə kobudluqla qarışan Mask deyib ki, "Ukrayna Prezidenti Volodimir Zelenskinin istefa verməsinin vaxtıdır": "Və beləliklə, qırğın davam edəcək. Zelenskinin getməsinin vaxtıdır", - deyə o, sosial şəbəkə səhifəsində yazıb.
Ancaq Ukrayna və Zelenski özü hələlik geri çəkilənə oxşamır. Zelenski bütün bu çağırışlara cavab olaraq, istefa vermək niyyətində olmadığını bildirib. O, döyüşlər bitməmişdən əvvəl seçkilərin keçirilməsini istisna edib."Əlbəttə ki, yox. Bu, mənim məsuliyyətimdir", - deyə Zelenski könüllü istefa vermə ehtimalı ilə bağlı suala cavab verib.
Belə görünür ki, Kremllə “sövdələşməyə” gedən Ağ Evin hədəfində yenə şəxsən Zelenskinin özüdür. Lakin Zelenskinin bu və ya digər formada uzaqlaşdırılması belə Ukraynanın mövqeyini dəyişəcəkmi? Onun yerinə gələcək şəxs Ukraynanın milli maraqlarını və suverenliyini satacaqmı?...