Amerikanın tarixini dəyişdirəcək araşdırma: vikinqlər Xristofor Kolumbdan əvvəl gediblər
Düz min il bundan əvvəl
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, alimlərin apardığı araşdırmaya görə, Xristofor Kolumbdan (1492) 471 il əvvəl, yəni 1021-ci ildə vikinqlər Şimali Amerikaya gələrək, Kanadanın Nyufaundlend vilayətində məskunlaşıblar. Bu barədə məlumat Britaniyanın “Nature” elmi jurnalında dərc edilib.
Nyufaundlend ərazisində vikinqlər tərəfindən kəsilən üç müxtəlif ağac parçasını analiz edən alimlər onların qitəyə gəldikləri tarixi müəyyənləşdirməyə çalışıblar. Vikinqlərin Şimali Amerikaya gəldiyi uzun müddət bəlli idi, bu, UNESCO tərəfindən də təsdiqlənmişdi. Lakin vikinqlərin dəqiq nə zaman gəldiyinə dair dəlil tapılmamışdı. Alimlər tapılan taxtaların üzərində radiokarbon zaman müəyyənləşdirmə üsulundan istifadə ediblər. Alimlər taxtaların kəsilməsində istifadə edilən metal alətlərin o dövrdə yaşamış yerli xalqlarda olmadığını diqqətə çatdırıblar.
Hürr Tərcüman