📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ANADANGƏLMƏ ŞİKƏST OLAN QARDAŞIMA TƏKRAR ƏLİLLİK TƏYİN EDİLMİR” – “Adam tam hərəkətsizdir, danışa bilmir, amma…” / VİDEO

2022-04-15 13:14:00

“ANADANGƏLMƏ ŞİKƏST OLAN QARDAŞIMA TƏKRAR ƏLİLLİK TƏYİN EDİLMİR” – “Adam tam hərəkətsizdir, danışa bilmir, amma…” / VİDEO

Ucar şəhəri, Babək küçəsi, ev 6 sakini İbrahimov Mikayıl Hüseyn oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mənim qardaşım, 25 iyul 1959-cu il tarixdə anadan olmuş İbrahimov Şahin Hüseyn oğlu anadan gəlmə şikəstdir. Buna görə, o, əlil hesab edilib və təqaüd alıb. Qardaşım hazırda tam iflic vəziyyətində olmaqla hərəkət edə və danışa bilmir. Onda, həmçinin, əqli gerilik xəstəliyi də var.

Bir neçə aydır ki, qardaşımın əlillik müddəti bitib. Yataq xəstəsi olduğu üçün onu xəstəxanaya müayinəyə apara bilmirik ki, sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsinlər. Bunu isə Ucar rayon Xəstəxanası və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiayası etmək istəmirlər. Dəfələrlə onlara müraciətlər etsəm də, heç bir tədbir görmürlər.

Qardaşım ağır xəstə olduğu üçün ailə həyatı qurmayıb. Ona valideyinlərim sağ olanda baxıb, indi isə valideyinlərimiz vəfat edib deyə, mən və ailə üzvlərim ona baxırıq. Adam tam hərəkətsizdir, danışa bilmir. Belə bir ağır yataq xəstəsinin əlilliyinin təkrar təyin edilməməsi qanunsuzluqdur.

Gücümüz çatmır deyə onu tualetə də apara bilmirik. Çox acınacaqlı dəhşətli mənzərədir. Mənim övladım, həyat yoldaşım onun altını təmizləyir və buna görə onlar çox əziyyət çəkirlər.

Sizdən xahiş edirəm, nümayəndənizi göndərin gəlib baxıb müayinə etsinlər və ağır yataq xəstəsi olan qardaşım Şahin İbrahimova əlillik dərəcəsini təyin edilməsinə köməklik göstərəsiniz”.

 

Hurriyyet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.