📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anar Qədiməliyev Hurriyyet.az-ın məlumatını yalanladı

2022-07-07 15:52:00

Anar Qədiməliyev Hurriyyet.az-ın məlumatını yalanladı

"Yazıda deyilənlər heç bir halda həqiqəti əks etdirmir, Osman Nərimanoğlu ilə görüş olmayıb və pul məsələsi də doğru deyil"

Bugünlərdə, daha dəqiq desək, iyulun 6-da Hurriyyet.az-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin demokratik.az saytının baş redaktoru Osman Nərimanoğlunu həbs etdirməsinə dair məlumat yayılıb. Qeyd edək ki, bölgə müxbirimiz Azər Allahverdiyevin verdiyi informasiyaya görə, Anar Qədiməliyev Osman Nərimanoğlunu görüşə dəvət edib və görüş zamanı Təhsil İdarəsinin müdiri baş redaktordan barəsində gedən tənqidi yazıları dayandırmağı xahiş edib. Daha sonra isə demokratik.az saytına dəstək adı altında Osman Nərimanoğluna 1500 AZN pul təklif edib.

Bölgə müxbirimiz iddia edir ki, baş redaktor həmin pulu öncə götürmək istəməsə də, sonradan Anar Qədiməliyev "mən bunu sənin saytına dəstək məqsdilə və bir dost kimi verirəm", - deyərək həmin vasiti onun cibinə basıb. Az müddət sonra isə polis əməkdaşları Osman Nərimanoğlunu qandallayaraq, əvvəlcədən seriya nömrələri yazılan həmin pulları onun cibindən çıxararaq, akt tərtbib ediblər.

Onu da nəzərinizə çatdıraq ki, həm qarşı tərəfin mövqeyini öyrənmək, həm də məsələ ilə bağlı ətraflı məlumat almaq məqsədiylə bu gün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə telefon açdıq, lakin o, zəngimizə cavab vemədi. Bu zaman suallarımızı - "Bölgə müxbirimizin əldə etdiyi informasiyada deyilir ki, siz Osman Nərimanoğlunu görüşə dəvət etmisiniz və ondan barənizdə gedən tənqidi yazıları dayandırmağı xahiş etmisiniz. Bu, nə dərəcədə doğrudur?", "Osman Nərimanoğludan demokratik.az saytında barənizdə gedən tənqidi yazıları dayandırmağı xahiş etmisiniz?", "Baş redaktora 1500 manat veribsinizmi? Əgər veribsinizsə, bu hansı məqsədlə edibsiniz?", "Ümumiyyətlə, hadisə ilə bağlı ətraflı məlumat verə bilərsinizmi?" Anar Qədiməliyevə "whatsapp" vasitəsiylə ünvanlamaq məcburiyyətində qaldıq. Təəssüf ki, bu dəfə də Anar Qədiməliyevdən cavab ala bilmədik. Ancaq bir qədər sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramilə Məmmədova bizimlə əlaqə saxladı və Anar Qədiməliyev barəsində, o cümlədən Osman Nərimanoğlunun həbsi ilə bağlı qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirdi: "Qeyd edim ki, belə bir hadisə baş verməyib, yazıda deyilənlər heç bir halda həqiqəti əks etdirmir. Bu, bizim rəsmi mövqeyimizdir. Nəzərinizə çatdırım ki, Osman Nərimanoğlu ilə görüş olmayıb və pul məsələsi də doğru deyil".

Hurriyyet.az