📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankara dünya nizamını necə görür...

2021-11-08 10:19:00

Ankara dünya nizamını necə görür...

Güman ki, hər şeydən asanı bütün məsələləri dünyanın geosiyasi aktorlarının maraqları ilə izah etməkdir. Məsələ bundadır ki, hətta dövlətlər də indi bir neçə qrupa bölünürlər: fövqəldövlətlər, regional dövlətlər və bir də adi dövlətlər. Regional dövlətlər də fövqəldövlətlərə məxsus olan imtiyaz və hüquqlar almaq istəyirlər.

Bu baxımdan qardaş Türkiyə də istisna deyil. O, hər il özünü regional dövlət kimi daha əzmlə təsdiq edir. Artıq ABŞ-ın siyasi-hərbi müttəfiqi və NATO-nun üzvü kimi çərçivələr ona dar gəlir.

Amma oxucuda sual da yarana bilər: niyə biz məhz Türkiyəni xatırladıq? Məsələ bundadır ki, bu yaxınlarda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, dünyanın taleyini II dünya müharibəsinin qaliblərinin ümidinə buraxmaq olmaz. Onun fikrincə, BMT-nin bütün üzvlərinin hüquqları beş daimi üzvün hüquqları kimi olmalıdır...

Bəli, artıq Ankara da BMT-dəki vəziyyətdən narazıdır. Bir az əvvəldə qeyd etdiyimiz kimi, bu, onunla izah oluna bilər ki, bir regional dövlət kimi Türkiyə də daha çox hüquqlar istəyir. Amma BMT-nin tənqidinin ən azı yarım əsrlik tarixi var.

Hər şey soyuq müharibədən, SSRİ-nin dövlətinin çöküşündən sonra başladı. Bu haqda əvvəlcə politoloqlar danışmağa başladı. Amma zaman keçəndən sonra mövzunu siyasətçilər və diplomatlar davam etdirdilər. Çox təəssüf ki, bu zəmində hər hansı dəyişiklik baş vermədi: hər şey əvvəlki qaydasında davam edir...

Nəyə görə belə olmalı idi? Niyə dünyanı II dünya müharibəsində qalib gəlmiş dövlətlər idarə etməlidir?

Çətin ki, bu suallara arqumentli və məntiqli cavablar tapılsın. Amma hələ ki hər şey əbəsdir.

Siyasətçilərin və diplomatların narazılıq bildirməsinə baxmayaraq, BMT-ni köhnə qaydalar idarə edir. BMT TŞ-nın beş daimi üzvü üçün imtiyazlar ona gətirib çıxardı ki, təşkilat beş daimi üzvün əlində siyasi alətə çevrildi.

Buna biz öz təcrübəmizdə əmin olmuşuq. BMT TŞ vaxtında Dağlıq Qarabağ münaqişəsilə bağlı dörd qətnamə qəbul etmişdi. Amma lap əvvəldən dünyanın birinci təşkilatı yerində saymağa başladı – otuz ilə yaxın biz BMT-dən qətiyyətli addımlar gözlədik. Amma təəssüf! Daha sonrası hamıya məlumdur – nəhayət, özümüz probemi həll etməyə qərar verdik və torpaqlarımızı azad edib TŞ-nın dörd qətnaməsinin qərarlarını həyata keçirdik. Bundan sonra BMT heç olmasa, dəstəkverici bəyanatla çıxış edə bilərdi. Amma bu da olmadı...

Ola bilsin, nə vaxtsa BMT də dəyişəcək. Amma bu nə vaxt olacaq, təəssüf ki, bunu heç kim bilmir. Daha yaxışı olardı ki, daimi üzvlərin veto hüququ ləğv olunsun və məsələlər adi səsvermə ilə həll olunsun.
Bundan başqa, daimi üzvlərin sayını artırmaq da məqsədəuyğun olardı. Məsələn, Almaniya və Yaponiya kimi nəhənglərin hələ də kənarda qalması, yumşaq şəkildə desək, anlaşılmazdır.

Güman ki, başqa optimal modellər də var. Amma hələki bunlar reallaşmayıb və o səbəbdən də dünyanı beynəlxalq hüquqdan daha çox geopolitika idarə edir. Üstəgəl, elə etmək olar ki, 21-ci əsr də yadda qalsın. Bizim malik olduğumuz bir çox qaydalar 20 -ci əsrdə bərqərar olublar. Amma bu əsrin də öz üstünlükləri və çatışmazlıqları var idi. Ona minnətdar olmalıyıq ki, məhz 20-ci əsrdə dünya nisbətən idarə olunan hala gəldi.

Amma hətta əlahəzrət zaman da qəbul olunmuş qərarlara özünün möhürünü vurur. 20 –ci əsr soyuq müharibə əsri idi. İndi daha o, yoxdur. Bəs onda biz nəyə görə soyuq müharibənin məntiqilə yaşamalıyıq?