Ankara “Sputnik”in iddiasını təkzib elədi: Suriyadan çıxmaq üçün 4 şərtimiz var
Hurriyyet.az CNN Türk kanalına istinadən xəbər verir ki, Rusiya Prezidenti V.Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Qazaxıstanın Nur-Sultan şəhərindəki Astana formatlı görüşdən sonra verdiyi açıqlamanın yalan olduğu Ankara tərəfindən bəyan edilib. Lavrentyev demişdi: “İclasdakı türk nümayəndələr ilk fürsət yaranan kimi Türkiyə hərbçilərinin Suriyanı tərk edəcəklərini bildirdilər”.
Türkiyənin “Hürriyet” qəzetinə məlumat verən mənbələr Türkiyə hərbçilərinin Suriyada sərhəd xəttindəki rayonlarda yerləşməsinin Türkiyənin ərazi bütövlüyünü hədəfə almış terror təşkilatına qarşı olduğunu bildiriblər. Mənbələr Suriya ilə bağlı keçirilən hər bir görüşdə Türkiyənin Suriyanın şimal sərhədlərindən çıxmaq şərtlərinin qarşı tərəflərə açıq və qəti şəkildə bildirdiyini vurğulayıblar. Buna rəğmən, bəzi qüvvələr “son dərəcə açıq mesajları” qəsdən fərqli şərhlər veriləcək şəkildə, təhrif edərək çatdırmağa çalışırlar.
Türkiyənin Suriyanı tərk eləmək şərtləri isə belədir:
1. Suriyada bütün təbəqələrin hüququnu qoruyacaq yeni Konstitusiya məsələsində bütün tərəflərin razılaşması.
2. Hər bir təbəqənin azad şəkildə iştirak edə biləcəyi seçki sisteminin yaradılması.
3. Bu seçkidən sonra qanuni hökumətin qurulması.
4. Qanuni hökumətin Türkiyə-Suriya sərhəd xəttində Türkiyənin ərazi bütövlüyünü hədəfə alan terrorçu rejimləri aradan qaldırması və bunu praktikada həyata keçirməsi.
Mənbələr bu 4 şərtin yerinə yetiriləcəyi təqdirdə, Türkiyə hərbçilərinin Suriya torpağında qalması üçün səbəblərin aradan qalxacağını bildirərək, “Nursultandakı görüşün iştirakçılarına verilən mesajlar bunlar idi”, - deyə açıqlama veriblər.
Rusiyanın “Sputnik” internet saytı Lavrentiyevin “Görüşlərdə iştirak edən Türkiyə nümayəndələri Rusiya tərəfinə ilk fürsət yaranan kimi hərbçilərinin Suriyanı tərk edəcəyinə dair vəd veriblər” dediyini iddia eləmişdi.
Hürr Tərcüman