📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anti-Azərbaycan təbliğatı aparan iran kanalı həddini aşdı-"Səhər" yoxsa "Zəhər"

2022-11-10 16:50:00

Anti-Azərbaycan təbliğatı aparan iran kanalı həddini aşdı-

İranın media resurslarının Azərbaycana qarşı nifrət və aqressiya ehtiva edən təbliğatı 44 günlük müharibədən sonra artan templə davam edir və daha da vüsət almaqdadır. Elə əvvəldən təməli Azərbaycanın daxilində İranmeylli təbliğat toxumu səpmək məqsədilə yaradılmış “SƏHƏR” telekanalı ölkəmizə qarşı silsiləvi təxribat axınına qoşulub.

Bu günlərdə İranın bizə qarşı nifrət aşılamaqla məşğul olan “Səhər TV” kanalının aparıcıları Azərbaycan xalqına qarşı hədyan səsləndirməklə yanaşı, Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürüblər. Belə ki, bu anti-Azərbaycan kanalının verilişində Şimali Azərbaycanın bütün şəhərləri İranın bir hissəsi adlandırılır. Qadın aparıcı Naxçıvandan tutmuş Bakıya və Gəncəyə qədər bütün şəhərlərin guya İranın şimal hissəsinə aid olduğunu iddia edib. Verilişin kişi aparıcısı isə Azərbaycan şairi Nizami Gəncəviyə aid olduğu deyilən şeiri oxuyur, baxmayaraq ki, bu misraların həqiqiliyi ekspertlər tərəfindən şübhə altına alınır. Çünki, ümumiyyətlə Nizaminin yaşadığı dövrdə İran adında bir ölkə yox idi və o, əsrlər sonra yaranıb. Uzun sözün qısası, missiyası Azərbaycana qarşı zəhər ifraz etmək olan "Səhər" son vaxtlar bütün hədləri aşaraq, Azərbaycan Respublikasına qarşı açıq düşmənçilik etməyə başlayıb.
 İranın nöqteyi-nəzərindən isə "Səhər"-Zəhər öz missiyasını cani-könüldən yerinə yetirir və canla-başla öz rolunu ifa edir. Sözsüz ki, İranın dövlət səviyyəsində Azərbaycan əleyhinə bir müddətdir davam edən açıq fəaliyyəti təbii ki, Tehran mətbuatının diqqətindən kənarda qala bilməzdi. Bu telekanalın Azərbaycan dilində yayımlanması ilk baxışdan İranın ərazisində yaşayan azərbaycanlıların ana dilində televiziyasının olduğu görüntüsü yaratsa da, əlbəttə ki, məqsəd məhz anti-Azərbaycan təbliğatı aparmaqdır. Uzun illər ərzində də Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı fəaliyyət bu kanalın əsas məqsədi olub. Burdan da kanalın məhz Azərbaycan dilində yayımlanmasının əsas mahiyyəti ortaya çıxır - azərbaycanlılara, Azərbaycan dövlətinə qarşı elə onların öz dilində mübarizə aparmaq...
Kanal demək olar ki, hər gün Azərbaycan Respublikası, onun rəhbərliyi əleyhinə şər-böhtan dolu verilişlər verir, müzakirələr açır, ölkəmizdə separatizm meylləri yaratmağa çalışır.
“Səhər” televiziyası efirindən Azərbaycana qarşı zəhər yayır, separatizm meylləri aşılayır. Bu qəbildən təbliğat nümunəsinə misal olaraq, "Zəhər" Naxçıvanda yaşayan əhalinin İrana birləşmək niyyəti barədə qondarma İran Naxçıvan Xalq Hərəkatı adından yayılmış bəyanatı tirajlayır, bu mövzunu müzakirəyə çıxarır. Üstəlik, "mollalandiya"nın “Zəhər” kimi ruporlarının yalanları İranın Azərbaycandakı qulbeçələri tərəfindən sosial şəbəkələrdə yayılır.
Məqsədyönlü şəkildə ortaya atılmış bu cür cəfəng fikirlərə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) artıq münasibət bildirib. DTX-nın məlumatında qeyd olunub ki, son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb. Məlumatda deyilir ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.
Məsqədlərinin uğursuzluğa düçar olacağını bilmələrinə baxmayaraq, İran dairələri və Tehran mətbuatı, o cümlədən “Zəhər” kanalı yenə də məkrli planını davam etdirir. Mənasız, ürək bulandıran bu niyyətlərin perspektivsiz olduğunu onlar özləri yaxşı başa düşsələr də, məqsədlərindən əl çəkmək istəmirlər.
Tehranın ölkəmizə qarşı bitib-tükənmək bilməyən aqressiyasının bir səbəbi də İranın Azərbaycandakı yuxu rejimindəki kimi görünən zəhərli hüceyrələrinin DTX-nın vasitəsi ilə ifşa edilməsi və zərərsizləşdirilməsi oldu. Aydındır ki, Azərbaycan DTX-nın İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi isə Tehranı və onun “Səhər” kimi ruporlarını daha da qıcıqlandırıb.
DTX-nın məlumatından aydın olur ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik etmiş şəxslər hazırda İran ərazisində gizlənir.
Məlumatda deyilir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb, bir neçə nəfər saxlanılıb.
DTX-nın məlumatında diqqət çəkən məqamlardan biri hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsidir. Buradan aydın olur, İranın Azərbaycandakı səfirliyi də ölkəmiz əleyhinə fəaliyyətdə yer alır. Tehran bununla, çirkin niyyətini artıq açıq şəkildə ortaya qoyur.
Belə olmasaydı, Azərbaycan dövlətinin axtarışa verdiyi şəxslərə qucaq açmazdı.
Amma İran yaxşı bilməlidir və qulaqlarına sırğa etməlidir ki, onun kimi min zəhərli niyyətli düşmən badalaq vurmaq, tələ qurmaq üçün min oyundan çıxsa da Azərbaycan bütün sınaqlardan üzüağ çıxacaq, düşmən həmlələrini layiqincə qət edəcək. Azərbaycanın bundan belə böyümək, bütövləşmək, güclənmək dönəmi başlayıb.

Ülviyyə, Hurriyyet.az