Antikorrupsiya qanununa “işverən” bənzətməsi-REAKSİYA
Korrupsiya barədə məlumat verilməsi ilə əlaqədar xəsarət alan şəxslərə 10 min manat, həlak olanların ailələrinə isə 20 min manat birdəfəlik müavinət ödənilməsi təklif olunur.
Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan yeni qanun layihəsində yer alıb. “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında Qanun” layihəsinə əsasən, sosial müdafiə tədbirləri məlumat verən şəxsi, onun yaxın qohumlarını və digər qohumlarını əhatə edəcək. Onlardan biri məhz korrupsiya barədə məlumat verilməsi ilə əlaqədar həlak olduqda ailəsinə 20 min manat, bədən xəsarəti aldıqda isə özünə 10 min manat ödəniləcək. Ödənişlər məlumat verən şəxsin işlədiyi və ya xidmət göstərdiyi təşkilatın büdcəsi hesabına həyata keçiriləcək. Layihədə məlumat verən şəxsin bu səbəbdən əmlakına dəymiş ziyanın qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilməsi də əksini tapıb. Müzakirədə deputat Erkin Qədirli layihənin əleyhinə səs verəcəyini söyləyib. Həmkarı Qüdrət Həsənquliyev isə bildirib ki, sovet dövründən qalma stereotiplər var: “Belə ki, SSRİ-nin dağılması ərəfəsində dövlət əmlakını mənimsəmə artıq ictimai qınağa səbəb olmurdu. Bu baxımdan, dövlət əmlakını oğurlayanlar barədə məlumat ötürənlərə də “işverən” deyirdilər”. O bildirib ki, ölkəmizdə bu stereotipləri dağıtmaq lazımdır. Bəs layihə qəbul olunarsa, korrupsiya ilə mübarizəyə müsbət təsiri olacaqmı?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi ilk baxışdan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində müsbət addım kimi görünür: “Əlbəttə, korrupsiya faktlarını aşkara çıxaran insanların dövlət tərəfindən müdafiə olunması vacibdir. Lakin layihədə korrupsiya barədə məlumat verdiyinə görə xəsarət alan şəxsə 10 min manat, həlak olan şəxsin ailəsinə isə 20 min manat birdəfəlik müavinət ödənilməsinin nəzərdə tutulması ciddi suallar doğurur. Düşünürəm ki, məsələyə sadə insan məntiqi prizmasından yanaşsaq bu daha doğru olar. Hansı normal düşüncəli insan 10 min manat müqabilində sağlamlığını, yaxud ailəsinə veriləcək 20 min manat naminə həyatını risk altına qoymağa razı olar? Əlbəttə, bu məbləğlər insan həyatının rəsmi qiyməti deyil, baş vermiş faciənin nəticələrini müəyyən qədər yüngülləşdirmək üçün nəzərdə tutulan müavinətlərdir. Lakin dövlətin əsas vəzifəsi korrupsiya barədə məlumat verən vətəndaşın ölümündən sonra onun ailəsinə pul ödəmək deyil, həmin vətəndaşın həyatını və sağlamlığını qorumaqdır.
Dünya təcrübəsinə nəzər salaq. ABŞ-də korrupsiya və maliyyə fırıldaqları barədə məlumat verən şəxslərin mükafatlandırılması mexanizmləri mövcuddur. Məsələn, False Claims Act qanunu çərçivəsində dövlətə qarşı dələduzluq faktlarının aşkara çıxarılmasına kömək edən şəxslər geri qaytarılan vəsaitin 15-30 faizini mükafat kimi ala bilirlər. Cənubi Koreyada da oxşar mexanizmlər mövcuddur. Avropa İttifaqında isə əsas diqqət məlumat verən şəxslərin məxfiliyinin qorunmasına, onların işdən çıxarılmasının, təhdid edilməsinin və digər qisas tədbirlərinin qarşısının alınmasına yönəldilir. Yəni beynəlxalq təcrübənin əsas fəlsəfəsi insanları həyatlarını riskə atmağa həvəsləndirmək deyil, onların təhlükəsiz şəraitdə korrupsiya barədə məlumat verməsini təmin etməkdir”.
Professor qeyd edib ki, dövlət satınalmaları, tikinti və torpaq münasibətləri, müxtəlif icazələrin verilməsi, gömrük və vergi inzibatçılığı, dövlət vəsaitlərinin xərclənməsi kimi sahələrdə korrupsiya riskləri illərdir ictimai müzakirələrin mövzusudur: “Əgər dövlətin müvafiq nəzarət, audit, hüquq-mühafizə və maliyyə monitorinqi orqanları varsa, həmin qurumlar korrupsiya risklərini müəyyən etmək üçün niyə öz səlahiyyətlərindən daha səmərəli istifadə etməsinlər? Bu gün dövlət satınalmaları, büdcə xərcləri, vergi və gömrük əməliyyatları ilə bağlı böyük həcmdə məlumatlar mövcuddur. Müasir rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə həmin məlumatların təhlili şübhəli əməliyyatları, süni qiymət şişirtmələrini və digər korrupsiya risklərini müəyyən etməyə imkan verir. Belə olan halda korrupsiya ilə mübarizənin ağırlığını niyə ayrı-ayrı vətəndaşların üzərinə qoymalıyıq? Digər tərəfdən, korrupsiya barədə məlumat verən şəxs ilk növbədə nəyə inanmalıdır? O necə inansın ki, verdiyi məlumat obyektiv araşdırılacaq, kimliyi gizli saxlanılacaq, onu təhdid edənlər cəzalandırılacaq və nəticədə özü işini, sağlamlığını, yaxud həyatını itirməyəcək. Əgər insan verdiyi məlumatın sonradan elə şikayət etdiyi şəxslərin əlinə keçəcəyindən ehtiyat edirsə, heç bir maddi müavinət onu bu addımı atmağa həvəsləndirməyəcək”.
F.Yusifov hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin daha təsirli olması üçün ilk növbədə korrupsiyanı doğuran iqtisadi və institusional səbəblər aradan qaldırılmalıdır: “İqtisadiyyatda sağlam rəqabət mühiti yaradılmalı, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələr minimuma endirilməli, dövlət satınalmalarında real rəqabət təmin olunmalı, məhkəmə sisteminə ictimai etimad gücləndirilməli, dövlət vəsaitlərinin xərclənməsi üzərində təsirli nəzarət qurulmalıdır.
Unutmayaq ki, korrupsiya təkcə rüşvət alan və verən şəxslər arasında baş verən qanunsuz əməliyyat deyil. Korrupsiya həm də iqtisadi inkişafın qarşısını alan, sahibkarlığı zəiflədən, investisiya mühitini korlayan və cəmiyyətin ədalətə inamını sarsıdan ciddi problemdir”. //Musavat.com