AQTA nədən fastfood restoranlarına nəzarət etmir?
Eyyub Hüseynov: "Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etməli, DİN-ə müraciət edilməli, cinayət işi qaldırılmalıdır"
Əsasən yeniyetmə və gənclərin üstünlük verdiyi fastfood qidaların zərərləri son dövrlərin aktual problemlərindən biri hesab olunur. Qiyməti daha ucuz, hazırlanması daha tez başa gələn fastfood qidaların zərərləri insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Mütəxəssizlərin fikrincə, fastfood qidalar insan orqanizmindəki kimyəvi proseslərin gedişini sürətlə pozur.
Belə ki, əksər istehlakçıların əhəmiyyət vermədiyi fastfood qidalarının tərkibinə kimyəvi üsullarla hazırlanan müxtəlif dadlandırıcılar və qida aromatizatorları əlavə edilir. Bu dadlandırıcılar isə sağlamlıq baxımından olduqca təhlükəli hesab edilir. Fastfoodlara əlavə edilən konservantlar bir sira xəstəliklərin, o cümlədən xərçəng hüceyrələrinin inkişafını sürətləndirir. Bundan başqa, məhsullar üçün istifadə edilən ətlərin çox zaman mənşəyi bəlli olmur. Lakin əksər alıcılar bu kimi hallardan xəbərsiz olur. Bu kimi hallara paytaxt və regionlarda fəaliyyət göstərən dönərxana obyektlərində dəfələrlə rast gəlinib. Qidaların nə qədər təhlükəli, zərərli qatqılardan ibarət olması haqqında müəyyən faktlar ortaya çıxarılsa da, çox zaman alıcılar buna məhəl qoymur. Nəticədə isə bəzi xırda sahibkarlar bundan sui-istifadə edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi şəkildə təşkil olunan monitorinqlərə baxmayaraq, bəzi satış məntəqələri qanunsuz formada, sanitar normalara məhəl qoymadan fəaliyyət göstərməkdən çəkinmirlər. Dönər, peraşki, qutab və digər məhsulların toz-torpaq içində hazırlanıb satılması alıcıları ciddi təhlükə ilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, belə məhsullar çox zaman mənşəyi bəlli olmayan ətlərdən hazırlanır.
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ictimai şuranın üzvü kimi dönərxanaların işini yaxşılaşdırmaq üçün dəfələrlə məsələ irəli sürüb: "Lakin təəssüflər olsun ki, AQTA fastfood dönərxanalarla bağlı işi tam olaraq təqib etməyib. Onlar qəzetlərdə, kütləvi informasiya vasitələrində gedən təhlükəli qida problemi ilə bağlı məsəsələri tam olaraq tətbiq etmirlər. Sual yaranır nə üçün tətbiq etmirlər? Xüsusən fastfood yeməkxanalar, dönərxanalar əhalini təhlükə ilə üz-üzə qoyur. Onu da qeyd edim ki, 15 mindən çox dönərxana var ki, orada ən təhlükəli qidalar verilir. Hətta 44 dərəcəyədək donduran xüsusi aparat var ki, mal ətindən, hətta quş ətindən dönərlər hazırlanır, dönərxanalara gətirilir. Bu kimi hallara AQTA ciddi nəzarət etməlidir. DİN-ə müraciət edilməlidir, cinayət işi qaldırılmalıdır".
Paytaxt sakinləri isə əksər vaxt zərərli olduğunu bildikləri halda belə, bu cür məkanlara üz tuturlar. Məsələn, A.Quliyev qeyd edir ki, zaman azlığından qidalanmaq üçün dönərxanalara və fastfood restoranlarına üz tutur. Digər şəhər sakini Y.Əzizova isə bildirir ki, fastfood qidalar zamanla asılılıq yaradır, zərərini bilsə də həftə ərzində dəfələrlə bu cür məkanlara yollanır.
Nərmin,
Hurriyyet.az