📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Araikə qarşı CM-nin 116-cı maddəsi ilə ittihamın irəli sürülməsi texniki olaraq doğru deyil" - FƏRHAD MEHDİYEV

2023-10-06 11:56:38

"Arutyunyanı dövlətlərarası münaqişənin tərəfi kimi təqdim etmək ona gətirib çıxarar ki, ona "əsir" statusu vermək lazım gələr, Araik isə əsir deyil"

"Araik Arutyunyana qarşı Cinayət Məcəlləsinin (CM) 116-cı maddəsi ilə ittihamın irəli sürülməsi texniki olaraq doğru deyil. Bu maddə ilə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozanlar cəzalandırılır". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev qeyd edib.

Politoloqun sözlərinə görə, burda nəzərdə tutulan silahlı münaqişə, dövlətlərarası olan silahlı münaqişədir ki, 1949-cu il Cenevrə Konvensiyaları ilə tənzimlənir: "Araik isə bizim ərazimizdə bizə qarşı başladılan qiyama başçılıq edənlərdən biri olub. Ona qarşı həm də Cinayət Məcəlləsinin 280-ci maddəsində nəzərdə tutulan "silahlı qiyama rəhbərlik etmə" maddəsi ilə də ittiham irəli sürülməlidir".

Fərhad Mehdiyevin fikrincə, Araik Arutyunyanı dövlətlərarası münaqişənin tərəfi kimi təqdim etmək ona gətirib çıxarar ki, ona "əsir" statusu vermək lazım gələr: "Bu isə doğru deyil, Araik əsir deyil, Azərbaycan torpağında doğulmuş və ölkəsinə qarşı üsyana qoşulmuş birisidir. Ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin digər maddələri isə doğru seçilib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az