📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Artıq bitərəflik Putinin yanında olmaq anlamına gəlir" - XAQANİ CƏFƏRLİ

2022-03-03 10:42:00

"Anlamaq lazımdır ki, Rusiyaya qarşı olmayan anti-Hitler (Putin) koalisiyasının qarşısındakı hədəfə, Mussoliniyə çevriləcək"

"Britaniya xarici işlər naziri Liz Trass Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı parlament üzvlərinə məlumat verərkən deputat Marqaret Hodq Putin rejimini müdafiə edən Azərbaycan və Qazaxıstana qarşı sanksiya tətbiq olunması təklif edib. Xarici işlər naziri bu təklifi araşdıracağını vəd edib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, Qazaxıstanın ən böyük şirkətlərindən biri, Rusiya, Tacikistan, Vyetnam, Çin, Tailand, Ukrayna, Türkiyə, Gürcüstan və İsrail kimi ölkələrdə də biznesə malik Kusto Group-un sahibi Kanat Kopayev müraciət yayaraq maliyyə və idxal-ixrac əməliyyatı həyata keçirə bilməmələri ilə bağlı həyacan təbili çalıb: "Qazaxıstanın ən zəngin şəxslərindən olan Kanat Kopayev bu vəziyyəti bütün dünyanın Rusiyaya qarşı olması, Qazaxıstanın da Rusiya ilə “bir qayıqda” yer alması ilə izah edib. “Təbii ki, biz onlar üçün Hitler deyilik, amma Mussoliniyik”. Biznesmen bunun başlanğac olduğunu, vəziyyətin daha da pisləşəcəyini bildirib".

Xaqani Cəfərli hesab edir ki, vəziyyətin bu həddə çatacağı isə gözlənilən idi: "ABŞ-ın dövlət katibi Entoni Blinken Orta Asiyanın bu ölkəsinin xarici işlər nazirləri ilə “C5+1” formatında onlayn görüş keçirib. Bu görüşdə dövlət katibi region dövlətlərindən Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı aydın mövqe istəyib. Orta Asiya ölkələrinin liderləri isə qorxu və çaşqınlıq içindədirlər. Buna görə də bitərəf olduqlarını bildirirlər. Ancaq anlamırlar ki, İsveçrə 200 illik neytrallıqdan imtina etmək və Rusiya əleyhinə sanksiyalara qoşulmaq məcburiyyətində qalırsa, bu bitərəflik dönəminin bitməsi anlamına gəlir. Soyuq Müharibə illərində bitərəf qalan Sinqapur artıq bitərəf qala bimir və Rusiyaya qarşı sanksiyalara qoşulursa, heç bir dövlət bitərəf qala bilməz. Artıq bitərəflik Putinin yanında olmaq anlamına gəlir. Güçləndirilmiş parlamentar sistemə keçid qərarı vermiş Türkiyə müxalifətinin baş nazirliyə namizədi, İYİ Parti lideri Meral Akşenər prezident Rəcəb Tayyip Ərdoğanın sanksiyalara qoşulmamaq siyasətin kəskin tənqid edərək belə deyib: “Zaman bitərəf qalmaq zamanı deyil, zalımın qarşısında yer almaq zamanıdır”. Anlamaq lazımdır ki, Rusiyaya qarşı olmayan anti-Hitler (Putin) koalisiyasının qarşısındakı hədəfə, Mussoliniyə çevriləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az