📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Artıq insan demədiyi sözə görə də özünü müdafiə etməli ola bilər” - Vəkil Cavad Cavadov

2026-10-04 21:42:55

“Artıq insan demədiyi sözə görə də özünü müdafiə etməli ola bilər” - Vəkil Cavad Cavadov

Süni intellekt texnologiyalarının sürətli inkişafı mətn və şəkillərlə işlə məhdudlaşmır. Bir neçə saniyəlik səs nümunəsi əsasında insanın səsini demək olar ki, eyni intonasiya ilə təqlid edən, ona heç vaxt demədiyi sözləri “dedirdən” proqramlar geniş yayılır.

Belə saxta səs yazısının sosial şəbəkədə paylaşılması, kiminsə adından telefon danışığı aparılması, pul istənilməsi və ya şəxsin nüfuzuna zərər vuracaq ifadələrin onun səsi ilə səsləndirilməsi artıq yalnız texnoloji problem deyil - birbaşa hüquqi məsuliyyət məsələsidir.

Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış vəkil Cavad Cavadov bildirib ki, hüquq sistemi artıq yeni bir reallıqla üz-üzədir:

“Əvvəllər insan əsasən dediyi və yazdığı sözə görə məsuliyyət daşıyırdı. Süni intellekt dövründə isə başqa təhlükə yaranıb: insan heç vaxt demədiyi sözlərin onun səsi ilə minlərlə, hətta milyonlarla insana çatdırıldığını sübut etməli və özünü həmin sözlərdən müdafiə etməli ola bilər”.

Deepfake artıq ayrıca hüquqi problemə çevrilib

Cavad Cavadov bildirib ki, süni intellekt vasitəsilə şəxsin görüntüsündən və ya səsindən onun razılığı olmadan istifadə etməklə reallığı əks etdirməyən foto, video və ya audio materialın hazırlanması və yayılması artıq qanunvericilikdə ayrıca məsuliyyət doğuran əməl kimi qiymətləndirilir.

“Burada vacib məqam odur ki, məsələ yalnız saxta audionun yayılmasından ibarət deyil. Bəzi hallarda onun hazırlanmasının özü də hüquqi məsuliyyət yarada bilər. Yəni "mən paylaşmamışdım, sadəcə hazırlamışdım" arqumenti hər halda şəxsi məsuliyyətdən azad etmir”.

Şərəf və ləyaqətə zərər vurulursa

Vəkilin sözlərinə görə, deepfake material şəxsin nüfuzdan salınması, şərəf və ləyaqətinin ləkələnməsi məqsədilə hazırlanıbsa, hüquqi nəticələr daha ciddi ola bilər. Saxta audio ilə kiminsə cinayət törətdiyi, rüşvət aldığı, başqasını aldatdığı və ya etik olmayan hərəkət etdiyi barədə təsəvvür yaratmaq həmin şəxsin illərlə formalaşdırdığı işgüzar və ictimai nüfuzuna ağır zərbə vura bilər.

“Təsəvvür edin ki, sahibkarın səsi ilə saxta audio hazırlanır və guya o, cinayət əməlini etiraf edir. Yaxud vəkilin, həkimin, jurnalistin və ya dövlət qulluqçusunun səsi ilə onun heç vaxt söyləmədiyi ifadələr yayılır. Bir neçə dəqiqənin içində insanın illərlə formalaşdırdığı nüfuz ciddi zədələnə bilər”.

Səs yalnız audio deyil, həm də şəxsi identifikasiya vasitəsidir

Cavad Cavadov məsələnin başqa bir tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, insan səsi sadəcə audio fayl deyil. Müəyyən hallarda səsin akustik xüsusiyyətləri şəxsin identifikasiyasına imkan verdiyi üçün biometrik və fərdi məlumat məsələsi də ortaya çıxır.

“İnsanların çoxu internetdə yerləşdirdiyi videodakı səsinin sonradan başqa məqsədlə istifadə oluna biləcəyini düşünmür. Halbuki müasir proqram üçün bəzən çox qısa səs fraqmenti kifayət edir. Hüquqi baxımdan isə həmin səs insanın identifikasiyasına imkan verirsə, ona yalnız adi audio fayl kimi yanaşmaq düzgün deyil”.

AI ilə hazırlanmış materialın saxta olduğu göstərilməlidir

Vəkilin fikrincə, süni intellektlə hazırlanmış foto, video və audio materialların real material kimi təqdim olunması auditoriyanı aldatmaq riski daşıyır. Bu səbəbdən belə məzmunun AI vasitəsilə yaradıldığını göstərən aydın nişanlamanın olması mühüm hüquqi və etik təminatdır.
“‘AI-generated" və ya buna bənzər qeyd sadəcə texniki detal deyil. Bu, tamaşaçıya və dinləyiciyə qarşı dürüstlük məsələsidir. İnsan real səs yazısı ilə süni şəkildə yaradılmış audionu ayıra bilmirsə, hüquqi risk də məhz buradan başlayır”.

Saxta audioya görə mülki iddia da mümkündür

Cavad Cavadov bildirib ki, məsələ yalnız cinayət məsuliyyəti ilə məhdudlaşmır. Saxta audio şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzuna zərər vurursa, həmin şəxs materialın silinməsini, təkzib edilməsini və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

“Saxta audioda sizin səsinizlə "mən rüşvət almışam", "mən filan şəxsi aldatmışam" və ya başqa nüfuzdan salan sözlər səsləndirilirsə, bunun deepfake olduğu sonradan sübut edilsə belə, zərər artıq baş vermiş ola bilər. Hüquq həmin zərərin aradan qaldırılması üçün müdafiə vasitələri təqdim etməlidir”.

Bəs müəllif hüququ?

Vəkil burada geniş yayılmış bir yanlış təsəvvürə də aydınlıq gətirib. Onun sözlərinə görə, insanın səs tembri öz-özlüyündə klassik mənada müəlliflik hüququ obyekti deyil. Buna görə hər bir səs klonlamasını avtomatik olaraq müəllif hüququnun pozulması adlandırmaq düzgün olmaz.

“Amma konkret mahnıdan, çıxışdan, aktyor ifasından və ya başqa qorunan səs yazısından istifadə olunursa, artıq müəlliflik və əlaqəli hüquqlar məsələsi də ortaya çıxa bilər. Yəni səs hüququ, fərdi məlumat, şəxsi həyat və müəlliflik hüququ bir-birindən ayrılaraq qiymətləndirilməlidir”.

Sizin səsinizlə pul istəsələr?

Cavad Cavadovun sözlərinə görə, ən təhlükəli ssenarilərdən biri səs klonlamasının dələduzluq və pul əldə etmək məqsədilə istifadəsidir. Məsələn, valideynə övladının səsi ilə “qəzaya düşmüşəm, təcili pul göndər”, şirkətin mühasibinə direktorun səsi ilə “bu hesaba pul köçür” və ya yaxın dosta “kartıma pul göndər” tipli saxta müraciət göndərilə bilər.

“Belə halda məsələ yalnız deepfake hazırlamaqla məhdudlaşmaya bilər. Konkret faktlardan asılı olaraq əmlakın ələ keçirilməsinə yönəlmiş başqa cinayət əlamətləri də yarana bilər. Süni intellekt burada cinayətin məqsədi yox, cinayətin törədilməsi vasitəsinə çevrilir”.

Saxta audio yayılanda nə etmək lazımdır?

Vəkil hesab edir ki, belə hadisə baş verəndə ilk addım yalnız sosial şəbəkədə təkzib vermək olmamalıdır. Əvvəlcə materialın elektron sübutları qorunmalıdır: paylaşımın linki, profilin adı, tarix və saat, baxış sayı, ekran görüntüləri, audio və videonun orijinal faylı mümkün qədər saxlanmalıdır.

Bundan sonra platformaya şikayət göndərilməsi, materialın silinməsinin tələb olunması, hüquq-mühafizə orqanlarına müraciət və zərurət olduqda məhkəmədə mülki müdafiə vasitələrindən istifadə nəzərdən keçirilə bilər.

“Ən vacib məsələ sübutun itirilməməsidir. Cinayətkar materialı bir saat sonra silə bilər, amma o bir saat ərzində minlərlə insan onu görə bilər. Ona görə zərərçəkən əvvəlcə sübutu hüquqi cəhətdən qorumağı, sonra silinmə və məsuliyyət məsələsini həll etməlidir”.

Məhkəmələr qarşısında yeni sual yaranır

Cavad Cavadov hesab edir ki, deepfake texnologiyasının inkişafı məhkəmələr qarşısında da tamamilə yeni sübut problemləri yaradacaq. Əgər əvvəllər audioyazının mövcudluğu özü ciddi sübut təsiri yaradırdısa, gələcəkdə səsin həmin şəxsə aid görünməsi hələ həmin ifadələri onun söylədiyini sübut etməyə bilər.

“Bu gün məhkəməyə səs yazısı gətiriləndə çox vaxt əsas sual "bu səs kimindir?" olur. Sabah bundan da çətin sual yaranacaq: "səs həmin şəxsə bənzəyir, amma bunu doğrudanmı o deyib?" Yəni audio və videonun özü artıq əvvəlki kimi avtomatik etibarlı sübut təsiri yaratmaya bilər”.

Onun sözlərinə görə, rəqəmsal faylın metadatası, orijinal daşıyıcı, montaj izləri, texniki ekspertiza və faylın əldə edilmə zənciri gələcəkdə daha böyük əhəmiyyət daşıyacaq.

“Süni intellekt çox faydalı texnologiyadır. Problem texnologiyanın özü deyil, onun insanın şəxsiyyətini oğurlamaq üçün istifadə edilməsidir. Əgər kimsə sizin üzünüzdən və ya səsinizdən istifadə edib sizi etmədiyiniz hərəkətin və ya demədiyiniz sözün müəllifi kimi təqdim edirsə, bu artıq virtual oyun deyil. Bunun insanın azadlığına, nüfuzuna, ailəsinə və əmlakına real nəticələri ola bilər. Hüquq da məhz həmin real nəticələri müdafiə etməlidir”.