Artıq onlar da bilir ki, Kiyev öz ərazisini azad edəcək… - Politoloq
"Bu açıqlama onu göstərir ki, Putin həddən artıq aqressivləşib”.
Hurriyyet.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında səsləndirdiyi "Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək” fikrinə münasibət bildirərkən deyib:
"Çünki artıq Ukrayna məsələsində ciddi irəliləyiş müşahidə edilir. Belə ki, Rusiya Ukraynaya doğru hücuma keçmək istəyir. Ona görə də sərhəd boyu tank briqadası yığıb. Bu fonda Polşa və Litva prezidentləri təsadüfən Ukraynaya gəlməyib. Artıq onlar da bilir ki, Kiyev öz ərazisini azad edəcək. Putinin ABŞ-la bağlı aqressivliyinin kökündə də bir növ bu məsələ dayanır”.
Həmsöhbətimiz düşünür ki, Putinin bu açıqlaması həm də digər postsovet ölkələrinə ünvanlanıb:
"Həmin açıqlama ilə Putin digər postsovet ölkələrinə də mesaj göndərir ki, onunla hesablaşmalıdırlar. Belədə açıq şəkildə bəyan edirlər ki, postsovet ölkələri Kremlin siyasi nüfuz dairəsində olmalıdır. Digər tərəfdən, Paşinyan Təhlükəsizlik orqanları ilə görüşdə yenə də "Arsax” məsələsini gündəmə gətirərək, onun dünyada tanıdılmasını sərsəmləyib. Bu əslində ona Moskvadan gələn tapşırıqdır. Çünki sərhədlər tanınsa, Azərbaycan ərazisində sülhməramlıların qalmasına ehtiyac olmayacaq”.
Ekspert Putinin ABŞ-a yönəlik bu hədəsinin real olduğuna əmindir:
"Putinin hədəsi realdır. ABŞ-ın dedikləri isə reallıqdan uzaqdır. Çünki Vaşinqton heç zaman sözünü tutmayıb”.
Nuriyev fikrincə, cərəyan edən proseslər Ukraynada müharibə təhlükəsinin çox yüksək olduğundan xəbər verir:
"Ukrayna Donbas istiqamətində hərəkətə keçsə, birmənalı olaraq müharibə olacaq və belədə 3-cü Dünya müharibəsi artıq hüquqi status alacaq. Hələliksə informasiya savaşı və gizli müharibə gedir”.