"Artsax" özünü BƏRPA ETDİ - 28 sentyabr bəyanatı LƏĞV EDİLİR
“Artsax”ın (Qarabağ-red) ləğv olunmasına dair fərman artıq mövcud deyil. Bunu qondarma separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın köməkçisi Vladimir Qriqoryan deyib. Qriqoryan Azatutyunla söhbətində iddia edib ki, Şahramanyanın 19 oktyabr tarixli başqa bir “fərmanı” ilə qondarma respublikamın bütün hakimiyyət orqanları, “dövlət naziri”, “hökumət üzvləri”, “parlament”, “hüquq-mühafizə orqanları”, habelə Xankəndinin meri fəaliyyətlərini ictimai əsaslarla, yəni maaşsız, davam etdirirlər.
Şahramanyan Azərbaycanın Qarabağda keçirdiyi 19-20 sentyabr əməliyyatından sonra, sentyabrın 28-də qondarma “Artsax Respublikasının” və onun “müdafiə ordusunun” 2024-cü ilin 1 yanvarından buraxılacağına dair fərman imzalamışdı. Şahramanyanın yeni “fərmanında” isə deyilir ki, qondarma “respublikanın” 2023-cü il, oktyabrın 1-dən bu yana bütün sənədləri etibarlıdır. Qriqoryan iddia edib ki, Şahramanyanın yeni “fərmanı” ilə onun 28 sentyabrda imzaladığı sənəd qüvvəsini itirib və “Artsax Respublikası” (Qarabağ-red) fəaliyyətini 2024-cü ildə də davam etdirəcək.
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Hüseynov Referans.Az-a bildirib ki, onların qəbul etdiyi heç bir bəyanatın mahiyyəti yoxdur:
“Cənab prezident 2020-ci ilin noyabrında demişdi ki, status gorbagor oldu. Həmin günə qədər Samvel Şahramanyan, onun köməkçisi və digərləri özləri üçün Qarabağda qondarma bir rejim yaratmışdılar. Heç bir dünya birliyi tərəfindən tanınmayan, heç bir hüquqi statusu olmayan bir qondarma respublika Şahramanyanın 2023-cü ilin 28 sentyabrında imzaladığı sənədlə qüvvəsini itirib. Artıq bu məsələ tamamilə öz həllini tapıb”.
Deputatın sözlərinə görə, bu gün Azərbaycan bütün Qarabağda, eləcə də şərqi Zəngəzurda öz suveren hüquqlarını bərpa edib: “Hazırda həmin ərazilərdə növbədənkənar prezident seçkiləri üçün hazırlıq görülür. İnsanlar ora köçür, qayıdır. Həmin bölgələrimizdə artıq həyat yenidən canlanır. Bu gün nə Samvel Şahramanyanın, nə də onun köməkçilərinin verdiyi saxta bəyanatların heç bir mənası yoxdur. Necə ki onlar bu 30 il ərzində qondarma bir respublika yaratdılar və tanınmadı, bu gündən sonra da tanınmayacaq”.
Politoloq Turan Rzayev isə bildirib ki, bu mövzu son günlərdə kifayət qədər çox müzakirə olunur:
Amma ümumi mənada separatçıların bu gündən sonra ata biləcəyi bir addım yoxdur. Əvvəla bunu o baxımdan demək olar ki, faktiki olaraq bu gün Qarabağda ermənilər yaşamır. Yaşasalar da çox az saydadır və onlar da Azərbaycan vətəndaşlarıdır. Yəni əvvəlki kimi separatçılıq fəaliyyəti göstərmirlər. Eyni zamanda separatçı liderlər, Ruben Vardanyan, Araik Arutyunyan artıq həbsdədirlər. Samvel Babayan və Samvel Şahramanyanın ümumilikdə edə biləcəkləri bir şey yoxdur. Onların hazırda verdiyi bəyanatlar da sadəcə etiraz edən kütləni sakitləşdirməyə hesablanıb”.
Politoloq qeyd edib ki, onlar bəyanatdan imtina etsələr, belə dəyişən bir şey olmayacaq. Onun sözlərinə görə, Azərbaycan heç bir zaman icazə verməz ki, onlar gəlib yenidən Qarabağda separataçı fəaliyyətlərinə davam etdirsinlər: “Verilən bəyanatın heç bir əhəmiyyəti olamayacaq. Faktiki olaraq bu bəyanat söz yığınından başqa bir şey olmayacaq”.
Aqil Qarayev