📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Asılılıq xərçəng xəstəliyindən də dəhşətlidir” – ABDULLA ŞIXLİNSKİ

2026-09-16 12:22:29

“Asılılıq xərçəng xəstəliyindən də dəhşətlidir” – ABDULLA ŞIXLİNSKİ

Psixiatr-həkim: “Metamfetamin qəbul edən 20 yaşlı oğlanın beyni 3-4 ildən sonra 70 yaşlı kişinin beyni kimi olur”

“Marixuana da, “patı” kimi, uzun müddət qəbul zamanı ağıl zəifliyinə gətirib çıxarır”

“Keçmiş asılıların məsləhətlərindən istifadə edə bilərik, amma...”

“Avtomobil qəzasında zərbə almış adamın beyni ilə asılı şəxsin beyni arasında elə bir çox fərq yoxdur”

Narkomaniyanı müasir dövrümüzün bəlası adlandırırlar. Hətta asılılıq xərçəng xəstəliyi ilə müqayisədə daha böyük fəlakət, süni narkotiklər isə 21-ci əsrin ən öndə gedən faciəsi kimi qəbul edilir. Bu, tanınmış psixiatr-həkim Abdulla Şıxlinksinin baxışıdır.

Qeyd edək ki, dünyada asılılığın müalicəsində bir sıra yeni metodlar irəli sürülür. Onlardan da biri neyroreabilitasiya metodudur. Odur ki, asılılıq, narkotik bəlası, neyroreabilitasiya məsələsi və digər çıxış yollarına Abdulla Şıxlinskinin prizmasından baxmaq maraqlı oldu.

““Narkotik” sözü hüquqi termindir, tibbi termin deyil”

- Məlumdur ki, narkotik istifadəsi orqanizmin bütün sferalarına zərər vurur. Bilmək istərdik ki, narkotik konkret olaraq beyini necə sıradan çıxarır?

- Ümumiyyətlə, narkotik maddə deyəndə psixoaktiv maddələrin o hissəsini nəzərdə tuturuq ki, onlar qanun tərəfindən qadağan olunub. Yəni “narkotik” sözü hüquqi termindir, tibbi termin deyil. Bunu hüquqşünaslar irəli sürüblər. Məsələn, sabah dövlət orqanı şəkər tozunu narkotik elan etsə, onda şəkər narkotik statusu alacaq. Təbabət aləmində “narkotik” sözü yoxdur, “psixoaktiv maddələr” termini var, ona hətta PAV da deyirlər. Bu baxımdan, mən “psixoaktiv maddələr” terminini işlədəcəyəm. Həmin bu psixoaktiv maddələr bütün orqanizmi zədələyir. Burada əsas təhlükə nədən ibarətdir – psixoaktiv maddələrin qruplaşmaları var. Müəyyən qrup psixoaktiv maddələr ümumiyyətlə asılılıq yaratmırlar. Misal üçün, bizim müalicədə istifadə etdiyimiz dərmanlar var. Xəstələrin qohumları bizə çox vaxt sual verirlər ki, doktor, bu xəstədə asılılıq yaradacaq, ya yaratmayacaq? Əlbəttə yaratmayacaq, çünki biz psixoaktiv maddələrin o hissəsindən istifadə edirik ki, onlar müalicə məqsədilə aptekdə rəsmi satılan dərmanlardır. Həmçinin, onlar ruhi xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. Bu, elm tərəfindən təsdiq olunub. Yəni ruhi xəstəliklərin müalicəsində istifadə olunan dərmanların – psixoaktiv maddələrin o hissəsi istifadə olunur ki, onlar asılılıq yaratmır, yalnız xəstə psixikanın normal vəziyyətə gətirilməsinə xidmət edir.

Psixoaktiv maddələrin ikinci hissəsi var ki, bunlar asılılıq yaradır. Asılılıq yaradan psixoaktiv maddələr də iki qrupa bölünür:

Birincisi, o psixoaktiv maddələr ki, hüquqi cəhətdən qadağan olunub, bunlar narkotik statusu alıblar. Onlar sərbəst satıla bilməz, dövriyyəsi nəzarətdədir, bəzilərinin dövriyyəsi tamamilə qadağan olunub, ancaq “qara bazar”da satılır. İnsan orqanizminə çox şiddətli zərər verdiyinə, asılılıq və öyrəşmə yaratdığına və onların sosial, ictimai, hüquqi və hətta siyasi nəticələri olduğuna görə, bu dərmanlar narkotik təsirli elan olunub. Misal üçün, Azərbaycanda ən geniş yayılmış ucuz və həddən artıq böyük bədbəxtliyə gətirib çıxaran metamfetamindir. Buna Azərbaycanda “patı” da deyirlər. Nəyə görə patı çox təhlükəli narkotik vasitədir? Xəstələrin qohumları, xəstələrin özləri buna inanmır, başa düşmürlər. Metamfetamin elə bir maddədir ki, onu hətta bir-iki dəfə az miqdarda qəbul edən şəxsin beynində xüsusi mexanizm işə düşür. Bu, elə bir mexanizmdir ki, yaddaş itməyə başlayır. Biz belə bir halla qarşılaşırıq - əgər 20 yaşında bir oğlan “patı” qəbul etməyə başlayıbsa, birinci qəbuldan sonra onda demensiya inkişaf edə bilər. Demensiya qazanılmış ağıl zəifliyi deməkdir. Yəni mütəmadi patı qəbul edirsə, haradasa 3-4 ildən sonra onun beyni 70 yaşındakı kişinin beyni kimi olur. Bu, çox təhlükəli vəziyyətdir. “Patı”nın ikinci təhlükəsi – metamfetamin kəskin davranış pozuntuları ilə, ictimai təhlükəli əməllərlə, özünə və ətrafındakılara xəsarət yetirməklə müşayiət olunan psixoz törədir. Bu zaman xəstədə klassik psixoz əmələ gəlir və bəzən elə olur ki, bizdə cavan həkimlər o psixozu ruhi xəstəliklə qarışdırırlar. Halbuki, burada sonradan yaranmış ruhi xəstəlik yoxdur. Əlbəttə, narkotik istifadəsinin nəticəsində yaranmış psixi pozuntular da ruhi xəstəlik hesab olunur. Amma burada sərbəst şəkildə endogen mənşəli ruhi xəstəlik yoxdur, kənardan, yəni “patı”nın kömyəilə əmələ gəlmiş ruhi xəstəlik formalaşır. Və bu psixozdan xəstəni çıxarmaq olmur, mümkün deyil.

“Metamfetamin qəbulundan əziyyət çəkən adamlarda psixozu aradan qaldıra bilmirik”

Psixiatriyanın ən böyük problemlərindən biri budur ki, biz metamfetamin qəbulundan əziyyət çəkən adamlarda olan psixozu aradan qaldıra bilmirik. Dərmanlar onu götürmür. Çünki beyin şiddətli şəkildə zədələnir və sonradan buna ağıl zəifliyi qoşulur. Ona görə də “METAMFETAMİN FACİƏSİ” 21-ci əsrin ən öndə gedən faciəsidir.

Nə qədər qəribə olsa da, metamfetamindən sonra ikinci yerdə bu xüsusiyyətlərə malik olan narkotik maddə marixuanadır. Yəni həşiş, anaşa, nəşə, adi dildə “ot” deyirlər. Xəstə gəlib deyir ki, “mən ot qəbul edirəm”. Həmin “ot”u, yəni anaşanı insanlar siqaret kimi çəkir, yaxud da onu yeməyə qatıb istifadə edirlər. Onun ekstraktından istifadə edir, daxilə qəbul edirlər. Ümumiyyətlə, marixuananın təsiri “patı”nın təsirinə çox oxşayır. Tam “patı”nın təsiri kimi  deyil, amma ona çox oxşayır. Marixuana da uzun müddət qəbul zamanı ağıl zəifliyinə gətirib çıxarır. O da şiddətli psixozlar verə bilir. Amma çox maraqlıdır ki, bir qrup adamlarda psixozlar olur, bir qrup adamlarda psixozlar olmur. Lakin onlarda da özlərindən asılı olmayaraq ağıl zəifliyi inkişaf edir.

Opium qrup narkotiklər var ki, onlar da çox güclü asılılıq yaradırlar. Onlar demensiya yaratmır, amma güclü asıllıq yaradır. Bütün orqanizmə zərər vurur, beyin ilk növbədə zədələnir. Təsadüfi deyil ki, beyindəki bu zədələnmə prosesi “Patoloji Davamlı Vəziyyət” yaradır. Psixiatriyada bu cür adlandırılır. Məşhur psixiatr və psixonevroloq, akademik Bexterevin qızı da psixonevroloqdur. Bu termini narkomanlar haqda psixiatriyaya o gətirib ki, narkomanların beyni “patoloji davamlı vəziyyət”dədir. Psixoaktiv maddələrdən asılılıq xroniki vəziyyətdir.

“Tik-Tok” platformasında çıxışımda deyirdim ki, psixoaktiv maddələrdən asılılığı müalicə etmək çox çətindir. Biz heç vaxt deyə bilmərik ki, o adamlar müalicə olunublar. Çünki xroniki vəziyyət axıra qədər müalicə olunmur.

“Təbabətdə tam sağalma çox nadir hallarda olur...”

- Belə aydın olur ki, onlarda remissiya prosesi gedir, tam müalicə olunmur, sadəcə simptomlar ləngiyir...         

- Bəli. Onlarda remissiyadan söhbət gedə bilər. Deyə bilmərik ki, müalicə olundu, qurtardı. Təbabətdə elə xəstəlik yoxdur ki, müalicə oluna, qurtara. Xəstəliklərin 80-85 %-i remissiya əldə etməklə nəticələnir.

O zaman reabilitasiya mərkəzlərindən birinin əməkdaşı çıxış etmişdi ki, guya mənim dediklərim yalandır. Sadəcə, mənim çıxışımı çox adam başa düşməmişdi. Mən deməmişdim ki, asılı adamları müalicə etmək lazım deyil, asılı adamlar müalicə olunmur. Mən demişdim ki, asılılıq remissiya olunur, amma deyə bilmərik ki, onlar tam sağalıb. Bu məfhumları bir-birindən ayırmaq lazımdır. Təbabətdə tam sağalma çox nadir hallarda olur. Bədən xəstəlikləri də belədir.

- Məsələn, allergiya tam müalicə olunmur.

- Bəli, gah yaxşılaşır, gah bir səbəb ortaya çıxanda yenidən başlayır. Asılılıq da belə bir vəziyyətdir ki, burada remissiya alırıq. Amma unutmaq lazım deyil ki, hər an xəstəliyin kəskinləşməsini gözləməliyik. Bəzən deyirlər ki, yox, bu adamlar narkotik qəbul etmir, içki içmir, tam sağalıb. Yox, elə deyil. Narkotik qəbulunun olmaması, içki içmə faktının qeydə alınmaması heç də sağalma demək deyil. Xroniki vəziyyət davam edir, psixoaktiv maddə qəbul etmir, lakin xroniki vəziyyət özünü nədə göstərir? Tutaq ki, ekstremal şəraitdir, iki şəxsdir, biri heç vaxt psixoaktiv maddə qəbul etməyib, digəri isə xroniki psixoaktiv maddədən asılı şəxsdir, amma 10 ildir narkotik maddə, spirtli içki qəbul etmir. Misal üçün, bir adamla xroniki xəstənin mübahisəsi düşür. Əgər sağlam adam bu mübahisədə durub gözləyirsə, narkotikdən asılı şəxs elə bir vəziyyətə gəlir ki, qarşısındakını təhqir edir, amma sağlam şəxs bilir ki, mübahisənin nəticəsi onun özünə ziyanlı ola bilər. Asılı şəxsin cibində kəsici alət, yerdə xəsarət yetirə biləcək əşya varsa, götürüb onunla həmin adama bədən xəsarəti yetirəcək və s. Çünki bu halda beynin mərkəzi sinir sisteminin patoloji davamlı vəziyyəti ilə qarşılaşırıq. Xəstəliyin xronikliyi bununla izah olunur. Onunla izah olunmur ki, insan psixoaktiv maddə qəbul edir, ya yox?!

“20 ildir içki qəbul etməyən şəxsə xroniki alkoqolizm diaqnozu qoyula bilər...”

Mən uzun müddət Rusiyada məcburi müalicə xəstəxanalarında çalışmışam. Orada çoxlu asılı şəxslər də yatırdı ki, 20 il əvvəl içki düşkünü olmuşdular. Eləsi vardı ki, 20 ildir içki içmirdi, amma gedib bir adamı öldürmüşdü. Yəni dilinə qətiyyən spirtli içki dəymir, amma məhkəmə psixiatrik ekspertiza yazır ki, xroniki alkoqolizm var. Yəni xroniki alkoqolizm diaqnozu qoyur. Bu, tam düz rəydir. Nə olsun ki, o spirtli içki qəbul etmir, o doğrudan da xroniki alkoqolikdir. Nəticədə 10 il əvvəl o bir adam öldürüb, 10 il keçib daha bir adam öldürüb. Orada müəyyən edilir ki, o, nəyə görə adam öldürüb. Belə adam dözə bilmir, onun beynində dözümlülük yoxdur. Yəni əgər normal adam ekstremal şəraitdə dözürsə, bu adam dözə bilmir və həmin anda biz sübut edirik ki, bu proses xronikidir.

Psixoaktiv maddələr sayəsində bütün orqanizm, həyati vacib orqanlar - qaraciyər, böyrək, endokrin sistem və s. zədələnir. Amma beynin zədələnməsi birinci yerdə dayanır. Beynin neyromediator sistemi zədələnir. Reseptorlar artıq həmin reseptorlar olmur. Beyində neyrodinamik proseslər gedir. Psixoaktiv maddələri istifadə edən insanları götürəndə, biz onlara asılılığın ikinci adını da təyin edirik – beynin üzvi zədələnməsi. Psixoaktiv maddədən asılı hər bir şəxsin beynində üzvi-orqanik zədələnmə baş verir. Bu nə deməkdir? Yəni beynin müəyyən strukturları öz formasını dəyişir və onlar artıq dünənki - sağlam vaxtda olan struktur deyil. Təsadüfi deyil ki, asılı şəxslərin ölümündən sonra beynini açanda (patoloji anatomik təsvir zamanı) orada çox ciddi normadan kənar struktur dəyişiklikləri və başqa biokimyəvi dəyişikliklər aşkar olunur. Beyin toxumasını götürürlər, analiz edirlər, fermentativ dəyişiklikləri, neyromediatorların miqdarında olan dəyişiklikləri, reseptorların özünün strukturunun dəyişikliyi görülür. Bu, həkimlərə əsas verir ki, onlar uzun illər boyu qəbul olunmuş  - psixoaktiv maddələrdən asılı şəxslərin üzvi xəstələr, yəni orqanik xəstələr olduğunu bildirsinlər. Məntiqlə götürəndə, onların beyin quruluşu, funksiyası elə dəyişir ki, avtomobil qəzasında zərbə almış adamın beyni ilə asılı şəxsin beyni arasında elə bir çox fərq yoxdur. Birində avtomobil qəzasından, digərində qəbul etdiyi psixoaktiv maddədən beyin çox pis vəziyyətə düşür.

“Həm oyun asılılığı, həm kimyəvi asılılığı olmuş və müalicə almış şəxslərə ağır texnika idarə etmək olmaz”

- Yəni belə demək doğru olarsa, beyin dağılır?

- Tamamilə doğrudur. Əgər bunu loru dildə, sadə dillə ifadə etsək, bəli, beyin dağılır. Beyində dağıntı prosesi gedir. Nəyə görə deyirlər ki, əgər insan psixoaktiv maddədən, asılılıqdan müalicə olunubsa, o, heç vaxt maşın sürə bilməz?! Mən bunu həmişə deyirəm. Mənim sözümü qəribçiliyə salırlar, sosial şəbəkədə bəziləri məni düşmən kimi qəbul edir. Həm oyun asılılığı, həm kimyəvi asılılığı olmuş və müalicə almış şəxslərə ağır texnika idarə etmək olmaz. Çünki xəstəlik xroniki cərəyan edir. Məsələn, xroniki alkoqol asılılığı olan adam yüksəklikdə işləyə, maşın sürə, su hövzələrinin kənarında çalışa bilməz. Bütün bu məhdudiyyətlər keçmiş asılılara tətbiq olunur. Tətbiq olunmayanda, onlar bu məsələyə laqeyd yanaşanda, onların özlərinə ziyan olur. Məsələn, dənizdə boğulub ölə, yolda hər hansı gözlənilməz hadisə ola bilər. Bu zaman xroniki asılı vəziyyətdən çıxa bilmir və mütləq beynin içində bir qəza baş verir.

Nəzərə alsaq ki, o adamlar dərmanları kəsirlər, qəbul etmirlər, nəticədə pis fəsadlar yaranır. Asılı insanlar müalicə olunmalıdır, onlar üçün müalicə proqramları var, amma xəstəlik xronikidir. Məsələn, allergiyanı müalicə edirik, başlı-başına buraxmırıq. Amma nəzarət altında saxlayırıq ki, simptomlar dərinləşməsin. Asılılıq xəstələrini də kontrol altında saxlamaq üçün onlara az dozada dərmanlar təyin olunur. Bəziləri deyir ki, elə bu adam ömür boyu dərman içəcək? O dərmanı içməsə müəyyən fəsadlar olur.

- Xarici ölkələrdə asılıların müalicəsində neyroreabilitasiya deyilən metod var. Neyroreabilitasiyanın tərkibində Koqnitiv Davranış Terapiyası, TMS aparatı var. Bizə neyroreabilitasiya haqda danışa bilərsinizmi? Biz onu burada tətbiq etsək, vəziyyət necə dəyişər?

- Hər bir reabilitasiya proqramı o vaxt həyata keçirilir ki, xəstə artıq yaxşıdır, remissiyaya çıxıb. Xəstə remissiyaya çıxan kimi onu tez reabilitasiya proqramına cəlb etmək lazımdır ki, kəskinləşmə əmələ gəlməsin. Amma hər bir reabilitasiya proqramını yazanda orada bir məsələ qeyd olunur ki, bu proqramı həyata keçirməklə eyni zamanda həkim psixiatrın müalicələri də aparılmalıdır.

“Keçmişdə narkotik qəbul edən adamları aktiv prosesə reabilitoloq simasında cəlb etmək böyük səhvdir...”

- Zatən neyeoreabilitasiyanın tərkibində medikamentoz müalicə də var. Neyroreabilitasiya kompleks müalicə proqramıdır...

- Adamlar hər şeyi öz istəkləri ilə edirlər, amma bu, düzgün deyil. Biz elmi öz arzumuza görə dəyişə bilmirik. Reabilitasiya proqramının bir komponenti medikamentoz müalicədir. Əgər biz medikamentoz müalicəni kənara atırıqsa, onda biz o prosesə reabilitasiya deyə bilmərik. Hətta psixiatriyanın özündə qeyd olunur: Birincili profilaktika, ikincili profilaktika, üçüncülü profilaktika. Bu, psixiatriyanın ana xəttidir. Yəni əgər xəstə remissiyaya çıxıbsa, reabilitasiya aparılmalıdır. Mən reabilitasiyanın əleyhinə deyiləm. Mən savadsız aparılan reabilitasiyanın əleyhinəyəm. Savadız aparılan reabilitasiya nədir? Keçmişdə narkotik qəbul edən adamları aktiv prosesə reabilitoloq simasında cəlb etmək böyük səhvdir. Buna görə çox adamın məndən xoşları gəlmir. Bu, keçmişdə asılı olmuş şəxslərin özünə də ziyandır. Keçmişdə asılı olmuş şəxsin aktiv asılı şəxslərlə işləməsi onun özünün sağlamlığını poza bilər. Bu, olmaz. Bizim xəstələrə, onların yaxınlarına verdiyimiz əsas məsləhət nədir – bu kampaniyalardan uzaq olmaq. Asılılıqdan müalicə olunan şəxs keçmişdə psixotrop maddə istifadə edən, indi narkotik istifadə edən, bu maddələri satan şəxslərdən uzaq durmalıdır. Onlarla oturub-durmaq olmaz. Hətta keçmiş alkoqoliklərə içki məclisində oturmaq olmaz. Spirtli içki bədəni tamamilə dağıdan ən güclü psixoaktiv maddədir, amma onu açıq satırlar. Hətta içki məclisində oturub içməsən də içkili ab-hava keçmiş asılının beynini “Patoloji Davamlı Vəziyyət”ə gətirir.

- Deməli, içki, yaxud maddə xəstənin keçmiş xatirələrini oyadır, onu tətikləyir...

-Bəli. Həmin mexanizmlə neçə illər psixoaktiv maddə qəbul etməyən şəxs tətiklənə bilər. Elə bil xəstəlik yenidən qayıdır. Asılılıq çox dəhşətli şeydir. Hətta xərçəng xəstəliyindən də dəhşətlidir. 35 illik təcrübəmdə görmüşəm ki, adamın heç bir xəstəliyi yoxdur, ancaq asılılıq onu “aparıb” məhv edib. Reabiltasiya mərkəzlərində bu mexanizm götürülməlidir. Keçmiş asılıların məsləhətlərindən biz – sağlam adamlar istifadə edə bilər. Çünki onlar o həyatı keçiblər. Amma keçmiş asılıların hazırkı asılılarla iş prosesinə cəlb olunması və reabilitasiyalarda iş prosesinə qoşulması, hesab edirəm ki, düzgün deyil. Çünki asılı şəxslər deyirlər ki, bu öz adamımızdır – bu bizim adamdır. Mənim kimi, sizin kimi sağlam adamlar oraya gəlirsə, onlar bizə bir növ yad kimi baxırlar.

Mən Rusiyada işlədiyim narkoloji şöbənin gecə növbəsində xəstələri yoxlamağa gələndə, xəstələr üzünü turşudurdu. Çünki mən onların öz adamları deyildim, onlardan qaydalara riayəti tələb edirdim. Onlar da istəyirdilər ki, öz adamları gəlsin, onların maraqlarını başa düşən adam olsun. Hətta nəyisə qadağan etmək istəsə də başqa cür qadağan etsin ki, onların xətrinə dəyməsin. Onlar bir-birinin sözünü götürürlər, amma özlərindən omayanın sözünü götürmürlər.

- Aydındır, gəlin neyroreabilitasiyanın detallarına toxunaq...

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az