📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Asiya ölkələrində Azərbaycan turizminə maraq artıb" - VÜQAR BAYRAMOV

2024-01-23 11:07:03

"Gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir"

"Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 , Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, bu ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq artıb: "Bununla belə, yenə də say baxımdan Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür.Turistlərin 30,0 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan qapadıb. Maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44,6 faiz, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41,6 faiz artmasına rəğmən körfəz ölkələri tursitlərinin sayında 2,1 faiz azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb tursitlərin sayı əvvəlki ilə müqayisədə azalıb".

CESD sədri əlavə edib ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur: "Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az