Aslan İsmayılov: “Əli Həsənov ömür boyu oyun oynayıb və ölənə qədər də oynamağa davam edəcək”
“Ən dəhşətlisi odur ki, vaxtilə Prezidentin keçmiş köməkçisi Əli Həsənovun üstümə saldığı trol dəstəsi bu gün mətbuatda at oynadan, ən əxlaqsız və tərbiyəsiz jurnalistlər idi. Elə əxlaqsızlıqlarına görə Əli Həsənovun hesabına özlərinə imkan yaradıb, ev aldılar. Buna baxmayaraq, bu gün Əli Həsənovu ən pis təhqir edənlər də məhz onlardır. Bu mövzuda Əli Həsənovu yox, öz prinsiplərimi müdafiə etdim, çünki mən abır-həya qorunmayan cəmiyyətin gələcəyinin olmayacağını hesab edirəm. Ömür boyu bu prinsiplərimi qorumağa çalışmışam”.
HURRİYYET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, Əli Həsənov onun prinsiplərimi yaxşı bildiyi üçün tam arxayın şəkildə jurnalistikada olan ən həyasız adamları üstünə salıb, təhqir etdirib: “O, üç dəfə məhkum olunmağıma nail olub. Tam məsuliyyətimlə deyirəm, Əli Həsənov 2 il ərzində Ramil Usubov, Zakir Qaralov, Mədət Quliyev və Əli Nağıyevə günaşırı zəng edərək tələb edirdi ki, Aslan İsmayılovu həbs etdirin. Əxlaqsız trollar vasitəsilə yazı yazdırırdılar ki, guya mən Rusiyanın, Ermənistanın casusuyam. Belə murdarlıqları boynuma yıxaraq deyirdi ki, məhz bu səbəblərə görə mən həbs edilməliyəm. Mövqeyim Əli Həsənovun müdafiəsinə yönəlməyib. Belələri ümumiyyətlə müdafiə olunmamalıdır. Əksinə, cəzalarını alıb dərs çıxarmalıdırlar ki, bu qədər pislik etmək olmaz”.
Müsahib hesab edir ki, Əli Həsənov heç vaxt özünə sərf etməyən yazı yazmaz: “Paylaşdığı post ilə ya özü kimlərisə şantaj edir, ya da "qabaqdan gəlmişlik" edir və yaxud da məhkəmədən yayınmaq istəyir. Dəfələrlə yazmışam ki, baş prokurorluq onu məsuliyyətdən qurtarıb. Əli Həsənov və onun ətrafında cəmləşən murdar dəstədən heç kim KİVDF ilə bağlı gedən cinayət işi ilə əlaqədar həbs olunmayıb. Bircə alkoqolik həbs edildi, başqa heç kim. Digərləri heç cinayət işinə də cəlb edilməyib. Bu barədə respublikanın baş prokuroruna açıq məktublar yazmışam. Hesab edirəm ki, KİVDF üzrə bir çox adam məsuliyyətə cəlb edilməlidir. Bu şantajla bağlı postun da Əli Həsənovun nəyəsə hesablanmış oyunu olduğunu istisna etmirəm. O, oyunbazlığı, murdarlığı yaxşı bilir. Bir şeyi də dəqiq bilirəm ki, Əli Həsənov ömür boyu oyun oynayıb və ölənə qədər də oynamağa davam edəcək”.
Qeyd: Prezidentin keçmiş köməkçisi Əli Həsənov ötən gün “Twitter”də ictimaiyyətə müraciət edərək bildirib ki, nə zamansa tualetdə gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərini yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alır: “Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”. O, sonradan paylaşımı silib.
Tarix: 25 Avqust 2021, 16:33