📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"AŞPA Azərbaycan dövlətinin qərarıyla hesablaşmadığını ortaya qoyub" - ELXAN ŞAHİNOĞLU

2021-09-29 16:50:00

"Nümayəndə heyətimiz AŞPA binasında xarici həmkarlarının qatılmadığı sərgi keçirməkdənsə var gücüylə anti-Azərbaycan qətnaməsinin qəbulunun qarşısını almalıydı"

"AŞPA-dan zərbə aldıq. Sentyabrın 27-də AŞPA-da Qarabağ müharibəsinin humanitar nəticələriylə bağlı qətnamə qəbul edilib. Qətnamənin mətni ilə tanış olduqda sənədin daha çox ermənilərin mövqeyini əks etdirdiyi və Azərbaycan əleyhinə olduğu qənaətinə gəlmək mümkündür". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Azərbaycan prezidentinin fərmanıyla "Dağlıq Qarabağ" adlı ərazi bölgüsü ləğv edilsə də, AŞPA-nın qətnaməsində məhz bu söz birləşməsindən istifadə edilir: "Başqa sözlə AŞPA Azərbaycan dövlətinin qərarıyla hesablaşmadığını ortaya qoyub. Qətnamədə Azərbaycandan “erməni əsirləri” azad etməsi tələb olunur. Halbuki, biz deyirik ki, 9 noyabrdan sonra ələ keçirənlər diversantdırlar. Ancaq AŞPA ermənilər kimi deyir ki, “onlar əsirdirlər və Ermənistana təhvil verilməlidirlər”. Qətnamədə bölgədəki “erməni irsinin və mədəniyyət abidlərinin” qorunması vacibliyi vurğulanıb. AŞPA qətnaməsində “erməni irsinin” Qafqaz Albaniyası termini ilə əvəz edilməsindən narahatlıq vurğulanıb".

Elxan Şahinoğlunun sözlərinə görə, qətnamədə Azərbaycan əleyhinə başqa ittihamlar da var: "Məşhur “Euronews” kanalı AŞPA-nın ermənipərəst qətnaməsi barədə xəbəri gün ərzində bir neçə dəfə yayımladı. Azərbaycanın AŞPA-dakı deputat qrupu əleyhimizə yönələn bu qətnamənin qarşısını niyə ala bilməyib? Deputat qrupumuz anti-Azərbaycan qətnaməsinin hazırlandığı dövrdə mətnə zəruri düzəliş və əlavələrin edilməsi üçün fəaliyyət göstəribmi? Nəsə etməyə çalışıblarsa, necə olub ki, AŞPA qatı ermənipərəst qətnamə qəbul edib? Nümayəndə heyətimiz AŞPA binasında xarici həmkarlarının qatılmadığı sərgi keçirməkdənsə var gücüylə anti-Azərbaycan qətnaməsinin qəbulunun qarşısını almalıydı".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az