AŞPA-nın Azərbaycana qarşı qərəzli addımı PAŞİNYANI ARXAYINLAŞDIRIB
Lakin anlamır ki, budəfəki səhv həm ona, həm də bütövlükdə Ermənistana olduqca baha başa gələcək
Elxan Şahinoğlu: "Ermənistanın baş nazirinin rəsmi Bakıya ünvanladığı təkliflər keçərli deyil, maraqlar toqquşduğu halda paktlar zibil qutusuna atılan kağız parçalarına çevriliblər"
Asif Nərimanlı: "Sülh prosesini uzatması Ermənistan üçün təkcə "dalan ölkə" olaraq qalmaq yox, həm də hərbi müstəvidə təhlükələr vəd edir"
Nurlan Qələndərli: "AŞPA kimi siyasi alətlərdən istifadə edən bəzi hegemon güc mərkəzləri bilməlidirlər ki, bu cür bəsit metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil"
Zaur İbrahimli: "Fransaya trolluq edən Avropa Şurası Parlament Assambleyası çoxdan öz missiyasına xilaf çıxıb"
Elman Vəliyev: "Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından kənarlaşması olduqca mənfi haldır"
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan sülh müqaviləsinin imzalanması gecikəcəyi halda Bakıya "hücum etməmək" haqqında pakt bağlamağı təklif edib. Bununla bağlı axar.az-da yer alan məlumata görə, Paşinyan "Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif etdik", deyə vurğulayıb.
Onu da qeyd edək ki, Paşinyan həmçinin, Ermənistan ordusunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı orduda təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkməyin zəruri olduğunu bildirib. Paşinyan hesab edir ki, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir: "Proses başlayıb, lakin kifayət qədər sürətlə davam etmir. Hökumətin strateji məqsədi peşəkar ordu yaratmaqdır".
Aydın şəkildə görünür ki, Ermənistan rəhbərliyi məhz Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli addımından, yəni ölkəmizin qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməsindən bir xeyli arxayınlaşıb və bu səbəbdən də Bakıya "hücum etməmək" haqqında pakt bağlamağı təklif etməklə, əslində sülh müqaviləsinin imzalanmasının gecikəcəyinə işarə edirlər. Paşinyanın bir neçə milyard dollarlıq silah alması, eləcə də peşəkar ordu yaratmaq istəyi də məhz bunun sübutu kimi dəyərləndirilməlidir. O anlayır ki, əksər Qərb institutlarının məqsədi nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurmaq və regionda yaranan geosiyasi nizamı öz maraqlarına uyğun dəyişməkdir. Paşinyan isə bundan maksimum yararlanmağa və həm ölkə daxilində, həm də xaricdə itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Lakin anlamır ki, budəfəki səhv həm ona, həm də bütövlükdə Ermənistana olduqca baha başa gələcək.
"Paşinyan hücum etməmək barədə pakt irəli sürməkdənsə ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa bu onun ölkəsi üçün daha faydalı olar"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakıya ünvanladığı iki təklifi keçərli deyil: "Birinci təklifi iki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılmasıdır. Paşinyan bu təklifini artıq necənci dəfədir ki, səsləndirir. İkinci təklifi sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə iki dövlətin hücum etməmək haqqında qarşılıqlı pakt imzalamasıdır. Azərbaycan yalnız Ermənistana görə silahlanaraq ordusunu modernləşdirmir. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarı olsa da, Rusiya və İranda istənilən an durum dəyişə və bunun bölgəyə mənfi təsirləri ola bilər. Bu səbəbdən Azərbaycan həm ordusunu gücləndirməli, həm də ən müasir hərbi texnikaya malik olmalıdır. Azərbaycanın silahlanmasına heç bir ölkə nəzarət edə bilməz. Rusiyanın Ermənistandakı hərbi bazasındakı silahlara kim nəzarət edəcək? Nikol Paşinyan deyəcək ki, bunların Ermənistana aidiyyatı yoxdur, ancaq müharibə halında raketlər havada uçuşacaq. İkinci Qarabağ müharibəsində bunun şahidi olduq".
Politoloqun sözlərinə görə, Paşinyan hücum etməmək barədə pakt irəli sürməkdənsə ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa bu onun ölkəsi üçün daha faydalı olar: "Paşinyan bunun əvəzinə "paktla" Azərbaycanın 8 kəndini güc yolu ilə geri qaytarmayacağı barədə təminat əldə etmək istəyir. Dünya tarixində müxtəlif ölkələr arasında o qədər hücum etməmək barədə paktlar imzalanıb ki, maraqlar toqquşduğu halda zibil qutusuna atılan kağız parçalarına çevriliblər".
"Azərbaycanla müharibəni Paşinyanla yanaşı, Ermənistanın bütün siyasətçiləri, generalları, "dənizdən dənizə" idelogiyasının müəllifləri, konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu"
Elxan Şahinoğlu əlavə edib ki, Ermənistanda qeyd edilən ordu günündə müxalifət təmsilçiləri "Azərbaycanla müharibədə Ermənistan ordusu məğlub olmayıb, hakimiyyət məğlub olub" kimi məntiqsiz epitetlər işlədirlər: "Yəqin bununla həm ordunu zərbə altından çıxarmaq, həm də "məğlub sindromundan" qurtulmaq istəyirlər. Görünür, erməni müxalifəti hesab edir ki, hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı, Ermənistan ordusu məğlub olmayacaqdı. Unudurlar ki, illər uzunu aparılan danışıqların nəticəsiz qaldığını görən Azərbaycan hakimiyyəti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayır və bütün hazırlıqlarımız bu yöndə idi. 2016-cı ildə 4 günlük aprel savaşı da Ermənistana nəticə çıxmaq üçün dərs olmadı. Elə bildilər ki, bu ötəri müharibədir və davamı gəlməyəcək, Azərbaycan növbəti müharibəyə risq etməyəcək, böyük dövlətlər bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər. Tutaq ki, erməni müxalifətinin söylədiyi kimi, Ermənistanda hakimiyyətdə Robert Köçəryan kimi biri olaydı, bu nəyisə dəyişəcəkdimi? Yəqin müxalifət təmsilçiləri və ekspertləri düşünürlər ki, Köçəryanın Rusiya ilə yaxınlığı Azərbaycanı müharibədən çəkindirən amil olacaqdı. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı Köçəryan və Sərkisyan hakimiyyətdə olduğu illərdən gücləndirməyə başlamışdı və Kremlin özü də Ankara ilə tərəfdaşlığı gücləndirirdi. Bu amil Azərbaycanın xeyrinə işləyirdi. Türkiyə ilə ittifaq həm də ona görə Azərbaycan üçün vacib idi ki, Azərbaycan ordusunun modernləşdirilməsi sürətlənsin və müharibənin başlayacağı halda Türkiyə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırsın. Bunun hər ikisi uğurla həyata keçirildi. Azərbaycan torpaqlarını geri qaytarmaq üçün həlledici həmləyə hazırlaşırdı. Köçəryan hakimiyyətdə olsaydı belə, Rusiya Azərbaycanı durdurmayacaqdı. Rusiya Türkiyə amilini də nəzərə alaraq Azərbaycanla açıq qarşıdurmaya getməyəcəkdi". Məhz bu səbəbdən də "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, erməni müxalifətinin yanlışı var, Azərbaycanla müharibəni yalnız Nikol Paşinyan deyil, Ermənistanın bütün siyasətçiləri, generalları, "dənizdən dənizə" idelogiyasının müəllifləri, konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu: "Nikol Paşinyan dərsini aldı və sanki vəziyyətdən çıxış yolları axtarır, dərsini almayan ermənilər isə hələ də reallıqları qəbul etmək istəmirlər, ancaq alternativləri də yoxdur".
"Paşinyanın irəli sürdüyü təklif Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir"
Siyasi şərhçi Asif Nərimanlı da bu qənaətdədir ki, Paşinyanın silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması ilə bağlı təklifi absurd səslənir: "44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib və hazırda Bakı İrəvanın silah mənbələrindən tutmuş aldığı hərbi texnikaya qədər hər şeyə böyük ölçüdə nəzarət edə bilir. Bu situasiya fonunda Azərbaycan öz hərbi arsenalını niyə Ermənistanın üzünə açmalıdır?! Nikol Paşinyan da anlayır ki, Bakı bunu etməyək, lakin belə bir təkliflə "süldən yana olan Ermənistan həbi arsenalını da açmağa hazırdır" görüntüsü yaratmaq istəyir".
Paşinyanın sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanması ilə bağlı təklifinə gəlincə, siyasi şərhçi qeyd edib ki, bunun özü Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir: "Mövcud şərtlərdə İrəvanın iki yolu var: ya Bakının şərtləri ilə sazişi imzalamalı, ya da prosesi bacardığı qədər uzatmalıdır. İkinci yol Ermənistan üçün təkcə "dalan ölkə" olaraq qalmaq yox, həm də hərbi müstəvidə gələcək təhlükələr vəd edir. İrəvanda düşünürlər ki, Qərbin dəstəyi azalarsa, yaxud bölgədə xüsusilə Ermənistana hələ də manevr etməyə imkan verən mövcud şərtlər dəyişərsə, Azərbaycan problemlərin həllini hərbi müstəviyə keçirə bilər. Misal üçün, Bakı delimitasiya olunmayan sərhədi daha əvvəlki illərin xəritələrinə uyğun çəkmək, SSRİ dövründə ermənilərə "əkin və otlaq" adı altında bağışlanan ərazilərin ən azı sərhədboyu hissəsinə nəzarəti bərpa etmək istəyə bilər. Paşinyanın tez-tez dilə gətirdiyi "Sülh sazişi imzalansa, Ermənistan kadastr sənədi əldə edəcək" sözləri də bu kontekstdə təsadüfi deyil. Çünki sərhəd delimitasiya edilmədiyi, Bakı ilə rəsmi sülh sazişi imzalanmadığı müddətdə tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın legitimlik problemi qalacaq. Paşinyan vəziyyətdən çıxış yolu axtarır: həm mövcud şərtlərdə sülh sazişi imzalamaq istəmir, həm də "silahlara nəzarət", "hücum etməmək haqda pakt" kimi gedişlərlə Azərbaycanın əl-qolunu bağlamağı planlaşdırır. Hərçənd, rəsmi Bakı dəfələrlə gündəmə gələn "Ermənistana hücum edəcək" iddialarını təkzib edib, mövcud şərtlərdə bu ssenari o qədər də sərfəli görünmür. Buna rəğmən, Paşinyanın irəli sürdüyü təkliflər "Azərbaycan hücum edəcək" iddialarını bəsləmək məqsədi də daşıyır".
"Ölkəmizə qarşı siyasi təxribata əl atan qüvvələrin istənilən cəhdi heç bir nəticə verməyəcək"
Politoloq Nurlan Qələndərli isə hesab edir ki, Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən siyasi təxribat cəhdi iflasa məhkumdur: "AŞPA kimi siyasi alətlərdən istifadə edən bəzi hegemon güc mərkəzləri bilməlidirlər ki, bu cür bəsit metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil. 44 günlük Vətən müharibəsinin nəticələri və sonrakı proseslər göstərdi ki, Azərbaycan istənilən təhdidin qarşısını almağa, illərdir regionda kök salmış terrorizmin başını əzməyə və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən siyasi təxribat cəhdi iflasa məhkumdur və bundan sonra da heç bir nəticə verməyəcək".
"AŞPA 30 il ərzində qaçqın və məcburi köçükün azərbayanlıların öz doğma yurdların təhlükəsiz şəraitdə yaşamaq hüququnun bərpasıyla bağlı real addım atmadı, Ermənistanı təcüvüzkar kimi tanımadı"
Mövzuya təxminən, eyni konteksdən yanaşan "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli isə AŞPA-nın çoxdan öz missiyasına xilaf çıxdığını bildirib: "Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə yalnız ərazi bütövlüyünü deyil, bir milyona yaxın azərbaycanlının təməl hüquqlarını bərpa etdi. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın maddələri ilə təminat verilmiş hüquqlar məhz erməni işğalı nəticəsində 30 il ərzində pozulmuşdu. Avropa Şurası Parlament Assambleyası bu müddət ərzində qaçqın və məcburi köçükün azərbayanlıların öz doğma yurdların təhlükəsiz şəraitdə yaşamaq hüququnun bərpasıyla bağlı real addım atmadı. Ermənistanı təcüvüzkar kimi tanımadı. İndi Fransaya trolluq edərkən insan hüquqları arxasında gizlənmək heç nəyi dəyişmir. AŞPA çoxdan öz missiyasına xilaf çıxıb".
"Avropa ilə destruktiv münasibətlər ölkəmizə viza və təhsil üçün problem, sanksiya, embarqo təhdidi yarada, beynəlxalq dəstəyi azalda və təzyiqi artıra, Azərbaycanın alım gücü azalda və iqtisadiyyatda geriləmə yaşada bilər"
Siyasi analitik Elman Vəliyev isə bu qənaətdədir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından kənarlaşması olduqca mənfi haldır: "Çünki sovetlərin rıçakından çıxan, öz gələcəyini Avropaya inteqrasiya etməkdə görürdü. İki yol var zatən, ya Qərb, ya da Şərq. Qərb özünü inkişaf etdirərək "ətraktiv" bir imic yeritdi. İnsanlar daha yaxşı gələcək üçün Qərbə meyl etdilər. Bu gün Ermənistan belə, Avropa yolunu tutub. Cənubi Qafqaz Rusiyanın əlindən çıxır. Gürcüstan və Ermənistan bu yolda öndədirlər. Ancaq Azərbaycan Qərbdən çox Rusiyanı seçdi". Siyasi analitikin fikrincə, bizə bir çox məsələdə Rusiyanın dəstəyi lazım idi və hələ də lazımdır: "Ancaq bu, Qərbdən uzaqlaşmağa səbəb olmamalıdır. Rusiyanın gələcəyi sual altındadır. Çünki periferik ölkədir. Yəni, gələcəyi onunla görmək düşüncə zəifliyidir. Azərbaycan xarici siyasətində ən düzgün strategiya olan "dəngə politikası" həyata keçirir. Ancaq bu, həmişə eyni vektor üzrə gedə bilməz. Yəni, Avropa bunun fərqində idi və Azərbaycanla yolları ayırmağa çalışır. Lakin bu o demək deyil ki, bütün əlaqələr itəcək. Əlbəttə ki, yox. Avropa üçün Azərbaycan enerji ixracatçısıdır. Bu enerji boşluğunu dolduran başqa alternativ tapanda Azərbaycanla tam əlaqələri kəsəcək. Təbii ki, Azərbaycan uzlaşmağı deyil, uzaqlaşmağı seçərsə!"
Elman Vəliyev sonda onu da əlavə edib ki, Avropa ilə destruktiv münasibətlər ölkəmizə viza və təhsil üçün problem, sanksiya, embarqo təhdidi yarada, beynəlxalq dəstəyi azalda və təzyiqi artıra, Azərbaycanın alım gücü azalda və iqtisadiyyatda geriləmə yaşada bilər. Bu səbəbdən də siyasi analitik Avropadan uzaqlaşmağı doğru addım saymır.
Vazeh BƏHRAMOĞLU