📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aşqabad və Pekin Çinə türkmən qazını daşıyan dördüncü xətti çəkəcək

2022-02-08 13:50:00

Aşqabad və Pekin Çinə türkmən qazını daşıyan dördüncü xətti çəkəcək

Türkmənistan Dövlət Xəbər Agentliyinin verdiyi məlumata görə, Pekində keçirilən danışıqlarda Türkmənistan və Çin liderləri Qurbanqulu Berdiməhəmmədov ilə Si Tszinpin Çinə dördüncü qaz kəmərinin çəkilməsi və Çin sərmayəsi ilə Türkmənistanın “Qalkinış” qaz yatağının işlənilməsi barədə razılığa gəliblər.
Berdiməhəmmədov bu layihənin həyata keçirilməsi ilə bağlı bir sıra aspektlərə diqqət yetirərək, 4-cü qaz kəmərinin tikintisi vasitəsilə Çinə təbii qaz nəqlinin həcminin artırılmasının əsaslı müzakirəsinə hazır olduğunu təsdiqləyib.
O, həmçinin Çinə çatdırılması planlaşdırılan türkmən qazının həcminin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Agentliyinin məlumatına görə, Türkmənistan lideri, həm də 4-cü xətt vasitəsilə Çinə təbii qaz tədarükü üçün əsas resurs bazasına çevrilə biləcək Qalkinış qaz yatağının 2-ci fazasının işlənməsi imkanlarını təhlil etməyi təklif edib.
“Mən gözləyirəm ki, Türkmənistan və Çin arasında kommersiya təbii qazının qiyməti ilə bağlı danışıqlar dünya təcrübəsinə əsaslanacaq. Türkmənistan tərəfi Çin sərmayəsi üçün Qalkinış qaz yatağının ikinci mərhələsinin hazırlanmasında Çin şirkətinin iştirakını nəzərdən keçirməyə hazırdır. Çin sərmayələri Türkmənistan təbii qazının tədarükü yolu ilə geri qaytarılacaq”, xəbər agentliyinin Berdiməhəmmədovdan gətirdiyi sitatda deyiilr.
Prezidentin sözlərinə görə, həll edilməli olan əsas məsələlərdən biri Türkmənistan təbii qazının 4-cü xətt üzrə Çinə nəqlini təmin etmək üçün Türkmənistanda hasilat və qaz nəqli infrinfrastrukturunun yaradılmasıdır. Bununla bağlı Berdiməhəmmədov qazın kükürddən təmizlənməsi zavodlarının, kompressor stansiyalarının, “Qalkinış” yatağından Türkmənistanın qonşu dövlətlə sərhədinə qaz kəmərinin tikintisi ilə bağlı danışıqların aparılması üçün iki ölkənin mütəxəssislərinə ehtiyac olduğunu açıqlayıb.
"Çin Türkmənistanla birlikdə yaxın gələcəkdə və uzunmüddətli perspektivdə əməkdaşlığımızın planlaşdırılması ilə bağlı məsələlərin öyrənilməsini gücləndirməyə, qaz sənayesində əməkdaşlığımıza daha çox əhəmiyyət verməyə və onun miqyasını artırmağa hazırdır", Si Tszinpinin sözləri Çin XİN-nin saytında sitat gətirilir.
2009-cu ilin dekabrında istifadəyə verilən Türkmənistan-Çin qaz kəmərinin üç xətti - A, B və C - ildə təxminən 40 milyard kubmetr qaz verir. Bu qaz kəmərinin dördüncü xəttinin (D) tikintisi məsələsi artıq bir neçə ildir ki, müzakirə olunur. Onun gücü ildə 30 milyard kubmetr qaz təşkil edəcək.
2021-ci ildə Türkmənistan Çinə 34 milyard kubmetr qaz tədarük edib. Ümumilikdə, Türkmənistan-Çin qaz kəməri istismara veriləndən indiyədək 320 milyard kubmetrdən çox türkmən qazı tədarük edilib.
Türkmənistan Çinə təbii qaz tədarükçüləri arasında birinci yerdədir. Çin Baş Gömrük İdarəsinin məlumatına görə, 2021-ci ildə Çin Türkmənistandan 6,79 milyard dollar dəyərində 24 milyon ton qaz idxal edib, Rusiya ikinci, Qazaxıstan, Özbəkistan və Myanma üçüncü yerdədir.

Ülviyyə, Hurriyyet.az