📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir" - ELXAN ŞAHİNOĞLU

2024-04-30 11:11:05

"Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir"

"Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun “Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edirəm. Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir. 30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir: "Qazaxıstan XİN nümayəndəsi Astananın təklifini “good offices” (yaxşı ofis) kimi qiymətləndirib. Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir. Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezitentinin qısa zamanda kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az