“Atam çəkilişdə dünyasını dəyişdi, bacım isə terrorun qurbanı oldu”-“1001 gecə”nin aktrisası
Hurriyyet.az xəbər verir ki, məşhur türkiyəli aktrisa Aytac Öztuna Moderator.az-ın suallarını cavablandırıb.
- Aytac xanım, salam! Necəsiniz?
- Çox sağ olun, təşəkkür edirəm! Məndən Azərbaycana qucaq dolusu salamlar. Sizləri çox sevirəm!
- Bizdən də sizə salamlar. Öncə istərdim sənət həyatına necə başladığınızdan danışasınız.

- Mən sənətçi ailəsində böyümüşəm. Babam ədəbiyyat və teatr ilə maraqlanıb, atam isə təqaüdə çıxandan sonra "Hababam sınfı" və "Tosun paşa" filmlərində rol alıb. O, həmçinin əski türkcədən müxtəlif tamaşaların, əsərlərin tərcüməsiylə məşğul olurdu. Anam çox gözəl şeirlər yazar, mahnı oxuyar, rəqs edərdi. Ana nənəm kamança, ata nənəm isə ud çalardı. Atam “Tosun paşa” filminin çəkilişlərində dəvədən yıxılaraq beyin qanaması keçirdi və dünyasını dəyişdi.
- Sizi azərbaycanlı tamaşaçılar bir zamanlar reytinqləri alt-üst edən “Min bir gecə” serialından tanıyırlar. Azərbaycanda olmusunuz?
- Bəli, 2018-ci ildə Məlahət Abbasovanın dəvəti ilə Bakıda olmuşam, onun verilişində də çəkilmişəm. Məni çox gözəl qarşılayıb, yola salıblar. Bakıda seyr etdiyim teatr binalarını dünyanın heç bir yerində görməmişəm. Azərbaycan gözəl ölkədir, hərçənd ki, mən təkcə Bakını gəzə bildim. Bakının təmizliyinə heyran oldum. Serial illərdir bitsə də mənim orada oynadığım Seval İncioğlu obrazım bu gün də sevilir. Bu serial bir çox dünya ölkələrində yayımlandı və hətta o dillərə dublyaj da olundu. Bütün dünyada yayımlandığımıza baxmayaraq aktyorlara heç bir qonorar ödənilmir. Bilmirəm niyə?
- Azərbaycan teatrı və kinosu haqda məlumatınız varmı?

- Sizin sənətçilərdən Zeynəb Xanlarova, rejissor Rüstəm İbrahimbəyov, Məlahət Abbasova və Nəsrin Cavadzadəni tanıyıram. Məlahət xanımla birlikdə “Min bir gecə” serialına çəkilmişəm. Daha sonra yayımlanan “Əmanət” serialında da birlikdə rol almışıq. Onu çox sevirəm!
- Teatrda da çalışırsınız. Bu sənət ocağı sizin üçün nəyi ifadə edir?
- Teatr mənim üçün həyatdır, həyatın özüdür. Amma etiraf edim ki, o illərdə teatrdan, tamaşalardan qaçdığım zamanlar da az olmayıb. Teatra nifrət edirdim. Bunun əsas səbəbi isə orada çalışan sənətçilərin yüksək eqoları idi. Onu görmək istəmirdim. Bundan əlavə də bacımı terrorda itirmişdim, daha sonra bütün ailəmi itirdim. Sonra səhnənin tozunu uddum və teatr məni birdəfəlik özünə çəkdi, buraxmadı. Bu günə qədər bir neçə teatrlarda çalışmışam. Bir müddət fasilə də vermişəm teatr fəaliyyətimə. Uzun fasilədən sonra Atatürkün həyat yoldaşı Lətifə xanım obrazı ilə yenidən teatra qayıtdım. Elə tamaşam var ki, 1984-cü ildən bu günə qədər oynayıram. Heç vaxt rolun böyük-kiçikliyinə baxmamışam. Mətni mənə göndəriblər, oxumuşam, əgər özümü o rolda görmüşəmsə təklifi qəbul etmişəm. Həm komik, həm dramatik rollarda oynamışam. Amma daha çox ciddi rolları özümə daha yaxın hesab edirəm.

- Həyatda da ciddi insan təsiri bağışlayırsınız mənə.
- İşimdə hər zaman ciddiyəm, amma dostlarımın arasında bir o qədər də ciddi deyiləm. Hamı kimi zarafat edib, gülürəm. Sadəcə olaraq özümü heç vaxt komik vəziyyətə qoymaq istəməmişəm. Bu mənim oynadığım rollara da sirayət edib.
- Heç “hə” demədiyiniz obrazlar olub?
- Əlbəttə! Həm teatrda, həm kinoda, həm də seriallarda “hə” demədiyim obrazlar olub. Heç peşiman da deyiləm. Bəzilərini bəyəndim amma teatrda rollarım olduğundan oynaya bilmədim, bəziləri ilə isə qonorar və ssenari baxımından razılıq əldə edə bilmədim. “Min bir gecə” serialına qədər mən heç bir serialda çəkilməyəcəm deyə özümə söz vermişdim, çəkilmədim də. Amma bu serialda kollektivin, ssenarinin peşəkar olması mənə bir anda “hə” dedirtdi. Çünki serialın bütün kollektivi teatr aktyorları olduğuna görə peşəkar idilər. Məhz buna görə də “hə” demişdim.
- Oynadığınız obraz - Seval İncioğlundan sizdə nəsə varmı?
- Aktrisa istər-istəməz oynadığı obraza özündən bir şeylər əlavə edir. Çünki nəticədə o rolu sən özün oynayacaqsan. Siz oynadığınız üçün bir şeylər qatmalısınız rola, başqası gəlsə başqa cür oynayacaq. Mən belə oynadım, rejissor da bəyəndi. Təbəssümümü, jestlərimi əlavə etdim. Əgər rola özündən bir şeylər əlavə etmirsənsə, sən o roldan necə zövq ala bilərsən?
- Serialın ən çox sevdiyiniz seriyası hansı idi?
- Əslində serialın bütün seriyalarını çox sevirəm, amma çox çətinlik çəkdiyimiz bir bölümü var idi. 2-ci mövsümün finalında biz ilk dəfə olaraq canlı yayımlandıq. Təbii ki, öncədən məşqlər etmişdik. Bu bölüm planlaşdırdığımız kimi çəkildi. Səhəri gün açıq havada, İstanbulda Boğazda çəkiliş edirdik. İnanılmaz bir fırtına qopdu, yağış yağdı. Hamımız da gecə paltarında, nəzik geyimlərdə idik. Bu bölümləri çətinliklə də olsa çəkdik. Çətin olduğu üçün yaddaqalan bölüm də bu oldu.
- Bəzən gənclərlə birlikdə çəkiləndə onlara tövsiyyə edirsiniz?
- Xeyr, durduğum yerdə gənclərə heç bir tövsiyyə etməmişəm. Çünki bu mənim yox, rejissorun vəzifəsidir. Təbii ki, kimsə özü soruşsa, səmimiyyətinə inanıb həmin suala cavab verib, tövsiyyə etmişəm. Amma kiməsə “düz oynayırsan, səhv oynayırsan” demək mənim işim deyil.
- Azərbaycandan mesajlar alırsınız?
- Bəli, həm instaqram, həm də facebook səhifəmdən bir neçə mesaj almışam. Yalandan deyə bilmərəm ki, yazanlar çoxdur. Ən əsası odur ki, sevildiyimi hiss edirəm.
- Ən çox sevdiyiniz aktyor, yaxud aktrisa hansıdır?
- İstəmirəm kiminsə adını deyəndə kimsənin xətrinə dəyim. Ona görə də heç kimin adını çəkmək istəmirəm. Təbii ki, bəyəndiyim sənətçilər var. Bu qoy mənim ürəyimdə qalsın. Bəzən mənə sual verirlər ki, “Min bir gecə” serialının kollektivi ilə görüşürsünüz? Deyirəm ki, təsadüf nəticəsində görüşdüyümüz günlər anlar olur. Çünki hərənin öz işi var. Bəziləri ilə isə xasiyyətim tutmadığından görüşmürəm.