“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
“14 ildir ki, atam bu dünyadan köçüb. 14 ildir ki, o bizim yanımızda yoxdur. Bu 14 ildə elə bir gün olmayıb ki, onu yada salmayım, haqqında fikirləşməyim. Hər zaman bütün sözləri qulağımdadır. Biz uşaq idik, atamız dünya ölkələrində qastrol səfərlərində, tamaşalarda, konsertlərdə olurdu. Hesablasaq 3-4 ay bizim yanımızda olurdu. Mənim yadımdadır ki, səhər yuxudan duran kimi onun otağına gedirdik, baxırdıq onun şəkilinə, deyirdik sabahın xeyir, axşam da yatmazdan öncə otağa girib şəkilə deyirdik ki, gecən xeyrə qalsın. Bir dəfə anamız evdə yox idi, yeməyimizi yedik, boşqablarımızı masanın üstünə qoyduq. Dedi ki, niyə boşqabları təmizləmirsiniz? İkimiz də bir ağızdan dedik ki, ana gəlib təmizləyəcək də. Dedi ki, ana sizin qulluqçunuzdur?! Təmizləyin hər şeyi. Sonra bizi çağırdı otağına, 3-cü yaxud da 4-cü sinifdə oxuyurduq, dedi ki, həyatda hansısa sənət sahibi olacaqsınız, amma çalışın əsas insan olun. Bu gün də onun tövsiyələri ilə həyatda yaşayıram”
Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Lütfiyar İmanovun oğlu Rauf İmanov deyib. O daha sonra əlavə edib.

“Hər şeyi ondan öyrənmişəm. Mən İçərişəhərdə doğulmuşam, orada yaşayırdıq. Daha sonra 3 mənzil dəyişdik. Atamın dünyasını dəyişdiyi evimizin yanından çalışıram ki, heç vaxt keçməyim. Qəfildən yadımdan çıxır, gedirəm, sonra da kövrəlirəm. Böyük şəxsiyyət, sənətkar idi, bu sözləri ona görə demirəm ki, o mənim atam idi. Mən onu kənardan da müşahidə edirdim. Kim ona problemləri ilə yanaşırdısa çalışırdı ki, həll etsin. Kiminsə ev problemini, hansısa tələbənin institut problemini həll edirdi. Hətta bir neçə il öncə bir insan məni axtarıb tapdı və görüşəndə dedi ki, mən sizin atanıza görə peşəyə yiyələnib, mütəxəssis olmuşam. Atam həmin insanı tapşırmamışdı, sadəcə gedib xahiş etmişdi ki, biliyinə görə qiymət verin, nahaq yerə onu imtahandan kəsməyin. Həmin şəxs bu sözü mənə deyəndə təəccübləndim. Çünki atam bizim arxamızca gəlmirdi, deyirdi ki, 2 almısansa get oxu düzəlt, bizə görə müəllimlərimizdən heç vaxt xahiş etməyib. Ona görə də mən heç vaxt onun adından istifadə etmirəm. Kimsə məni tanış edəndə ki, filankəsin oğludur, deyirəm xeyr, mənə özümə görə hörmət edin. Düzdü hörmət edirlər, amma atama görə istəmirəm ki, hörmət qazanım” deyə sənətkarın oğlu bildirib.
Rauf İmanov atasının sənətindən bəhrələndiyini bildirib.

“Atam otağın qapısını bağlayıb məşq edirdi. Onun yanına girə bilməzdik. Otağın qapısını açıb çölə çıxanda başa düşürdük ki, indi onunla hansısa mövzuda danışa bilərik. Mən də Konservatoriyanı piano üzrə bitirmişəm. Məktəbdən sonra atamla evdə musiqi ilə məşğul olurdum. Mən onu konsertmeystr kimi müşahidə edirdim, hətta bir neçə xarici ölkələrdəki konsertlərdə də onun üçün ifa etmişəm. Onun bir hərəkətindən başa düşürdüm ki, nəyi etmək olar, nəyi olmaz?! Biz şəhərdə yaşayırdıq, evimizdən atamın çalışdığı Opera və Balet Teatrına 10 dəqiqəlik, mənim təhsil aldığım Konservatoriyaya isə 20 dəqiqəlik məsafə idi. Amma biz həmin yolu ən azı 40 dəqiqəyə gedirdik. Çünki hamı onu yolda saxlayıb, salamlaşırdı, problemlərini deyirdi, o da böyük maraqla dinləyirdi. Atam Milli Məclisin deputatı idi, çalışırdı ki, insanlarla daim ünsiyyətdə olsun, onların problemləri ilə maraqlansın” deyə o bildirib.
Rauf İmanov atasının son gününü belə xatırlayıb.
“Atam rəhmətə gedəndə mən yanında deyildim, işlə bağlı rayonda idim. Mən Bakıya qayıdanda onu xəstəxanaya aparmışdılar, liftdə keçinmişdi. Mən heç xəstəxanaya da çatmadım, kiçik qardaşım yanında olub. Atamın ölüm xəbərini mənə deyəndə huşumu itirdim, bacım da yanımda idi. Mən sonradan özümə gəlmişəm. Atam heç xəstə deyildi, ölümündən 3 gün öncə onun yanına gəlmişdim. Təzyiq və şəkəri qalxmışdı. Sonra biz bildik ki, atam nədən dünyasını dəyişib?! Nəinki mən, heç kim bilmirdi ki, belə olacaq” deyə sənətkarın oğlu bildirib.