“Atamın adına verilən evi anamın adına keçirə bilmirik” – Milli Qəhrəman Əliyar Əliyevin qızından ETİRAZ
Musavat.com-un növbəti həmsöhbəti Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Əliyevadır. Şəhid qızı saytımıza atasından, onun məzarının hazırkı durumundan və övladlarının harada olmasından söz açıb.
- Pərvanə xanım, Milli Qəhrəmanın övladları hazırda harada yaşayırlar və nə işlə məşğul olurlar?
- Böyük qardaşım Emin Sumqayıtda, mən və kiçik qardaşım Yusif isə Bakıda yaşayırıq. Emin hərbçidir, atamın yolunu davam etdirir. Yusif isə dövlət işində çalışır. Mən xarici məktəbdə işləyirəm, ofis işləri ilə məşğulam.

- Əliyar Əliyevin adını daşıyan nəvəsi varmı?
- Hamımız evliyik və övladlarımız var. Atamın 8 nəvəsi var. Onlardan biri, Yusifin oğlu atamın adını daşıyır. Açığı, balaca Əliyar görünüşcə atama bənzəmir, amma xarakterində, hərəkətlərində bənzərlik var.
- Bəs övladlarından hansı xasiyyətcə Əliyar Əliyevə oxşayır?
- Atamız rəhmətə gedəndə yaşımız az idi. Ona görə xarakterini dəqiqliklə yadımda saxlamamışam. O zaman mənim 7, Eminin 12, Yusifin isə 5 yaşı olub.

- Qubadlıya gedib, evinizi ziyarət edə bilmisinizmi?
- Qardaşlarım Qubadlıda olublar. Ancaq mən anamın səhhəti ilə bağlı hələ gedə bilməmişəm. Anam infarkt keçirib deyə, mənim köməyimə ehtiyac var.
Atam Laçında şəhid olub. Böyük qardaşım böyük ehtimal ki, ora da gedib. Dediyim kimi, o, hərbçidir. Hətta müharibə zamanı da orada döyüşlərdə iştirak edib.
- Əliyar Əliyevin məzarını da yəqin ziyarət edib, bərpa ediblər...
- Bəli, onun məzarı Qubadlı rayonunun Qəzyan kəndindədir. Onun məzarının bərpası ilə qardaşım şəxsən məşğul olub.

- Vətən müharibəsi zamanı şəhidlərimiz oldu, onlardan bəzilərinə Milli Qəhrəman adı verildi. Siz isə hələ 30 il bundan öncə şəhid Milli Qəhrəmanın övladları adını daşıyırdınız. Həmin günlər nə hisslər keçirdiniz?
- Şəhid xəbərləri gələndə çox pis olurdum. Mənim atam 35 yaşında rəhmətə gedib. Kiminsə ölüm xəbəri gələndə atamın yaşı ilə müqayisə edirdim, deyirdim, atamdan 10 yaş kiçikdir və ya böyükdür. Gənc şəhidlərin adını görəndə keçirdiyim duyğuları sözlə ifadə edə bilmirəm. Atam şəhid oldu, ondan sonra 3 övladı qaldı və bu gün də onun adını daşıyırıq. Amma bir çox şəhidin övladı belə yox idi. Lakin qələbə xəbərini eşidəndə çox sevindim. Ən azından bu oğlanlar boşuna şəhid olmamışdı. Bu canlar hədər getmədi. Atam isə özünü fəda etdi, amma torpaqlar əldən getmişdi. Onun əziyyəti yerdə qalmışdı. Onda dövran da başqa idi.
- Milli Qəhrəmanın qızı olduğunuzu biləndə necə reaksiya verirlər?
- Əlbəttə, çox yaxşı qarşılayırlar. Ancaq bəzən elə problemlərlə qarşılaşırıq ki, insan təəssüf edir. Məsələn, atamın adına anama ev verilib. Amma onu anamın adına rəsmiləşdirə bilmirik. Bürokratik əngəllərlə qarşılaşırıq. Sanki anam o evdə kirayənişindir, ev ona məxsus deyil. Mənim atam elə-belə adam olmayıb, döyüşüb şəhid olub və buna görə ona Milli Qəhrəman adı verilib. İndi o kişinin ailəsi dövlətin onlara verdiyi evi xanımının adına rəsmiləşdirə bilmir. Qurumlar bir-birinin üstünə atır, biz isə arada qalmışıq. Belə münasibət bizim ailəyə çox pis təsir edir.

- Atanızın adının daha haralara verilməsini istərdiniz? Bildiyim qədərilə, Bakıda onuna adına küçə var.
- Nə edirlərsə, çox sağ olsunlar. Bəziləri çox hörmət edir, hətta adını eşidəndə gözü dolan insanlar var. Elələri də var ki, hər şeyi kağız üzərində edir...Atamın hörmətini saxlasınlar, bu bizə yetər. Biz şəhid övladı olsaq da, heç vaxt atamızın adından, şəhid övladı statusundan istifadə etməmişik. Qubadlıya qayıtmaq, orada yaşamaq üçün qardaşım müraciət edib. Hələ oraya köç başlamayıb. Bizim uşaqlığımız Qubadlıda keçib.
Qeyd edək ki, Əliyar Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. 1980-1982-ci illərdə hərbi xidmət keçib.
Əliyar Əliyar respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlmişdi. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.
Əliyar Əliyev Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri olub. Tabor komandiri Ə.Əliyev dəfələrlə düşmənə ağır zərbə vurub.
Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının kəndlərini 4 gün ərzində ermənilərdən azad etməyə böyük yardım edib.
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev qəhrəmancasına şəhid olub.
Əliyar Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Azərbaycan prezidentinin sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Əliyar Əliyevin tələbələrindən biri - general-mayor Mais Bərxudarov söz vermişdi - Milli Qəhrəmanın ruhunu şad etmək üçün Qubadlıya üçrəngli bayraq sancacaq. O bayraq 25 oktyabrda Qubadlıya sancıldı - həmin gün Qubadlı 27 ildən sonra işğaldan azad edildi.
Qubadlı işğaldan azad edildikdən bir müddət sonra rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Əliyar Əliyevin qəbirüstü abidəsi bərpa edilib.
