Atəşkəs daim pozulur, "dəmir yumruq" işə salınmalıdır - Ekspert
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bəs danışıqların davam etdiyi bir vaxtda ermənilərin tez-tez atəşkəsi pozması nədən xəbər verir?
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlama verib.
Onun sözlərinə görə, atəşkəs pozuntuları bir daha göstərir ki, nə Ermənistan rəhbərliyi, nə separatçı qurumun təmsilçiləri, nə də sülhməramlı kontingent Prezident İlham Əliyevin 10 gün əvvəl səsləndirdiyi bəyanatdan nəticə çıxarmayıblar:

"Belə ciddi atəşkəs pozuntularına Azərbaycan tərəfi danışıqlar prosesinin getməsinə baxmayaraq laqeyd qala bilməz. Çünki bu atəşkəs pozuntuları birmənalı olaraq Azərbaycana qarşı ərazi iddiası və əsgərlərimizin təhlükəsizliyinə ciddi təhdid kimi dəyərləndirilir. Belə təhdidlər isə heç bir halda cavabsız qala bilməz”.
Ə.Verdiyev bidlriib ki, Azərbaycan dəmir yumruğu işə salmalıdır:
“Biz Fərruxda olduğu kimi, düşməni daha yaxşı anladığı dildə başa salmalıyıq. Çünki sözlə, bəyanatla, yaxud sülh təkliflərilə düşməni bəyanatların şərtlərinə əməl etməyə yönləndirməkdə çətinlik çəkirik. Odur ki, biz onlarla Qaragöz istiqamətində, Kəlbəcərdə Alagöldə, Şorca və Zərkənd kəndləri istiqamətində, eyni zamanda Zəngilanda, Qubadlıda ən yaxşı anladıqları dildə danışmalıyıq. Bu, danışıqlar prosesinə də təsir etməyəcək. Çünki Ermənistanın danışıqlar prosesindən yayınmaq şansı sıfıra bərabərdir. Onlar indiyə qədər danışıqlarda iştirak etsələr də, ortada yekun bir nəticə yox idi. Əgər nəticəsiz danışıqlar davam edirsə və Azərbaycana tərəf bir gündə 9 dəfə atəşkəs pozuntusu baş verirsə, Azərbaycan "dəmir yumruğ"u işə salmalı və ermənilərin başını əzib keçməlidir. Hesab edirəm ki, bu atəşkəs pozuntularına qarşı ən yaxşı cavab, ordumuz tərəfindən düşmən mövqelərinin darmadağın edilməsi, həmin mövqelərdə bayrağımızın daimi olaraq yerləşdirilməsindən ibarət olmaldır”.