ATƏT-in əməkdaşı Xarkovda həlak oldu
Hurriyyet.az xəbər verir ki, ATƏT missiyasının üzvü Rusiyanın Xarkov şəhərini atəşə tutması nəticəsində həlak olub.
ATƏT-in rəsmi saytında bu gün yerləşdirilən məlumata görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ukraynadakı müşahidəçi missiyasının üzvü Marina Fenina martın 1-də Xarkov şəhərində ailəsi üçün ərzaq almağa getdiyi zaman Rusiya hərbçilərinin açdığı atəş nəticəsində ölümcül yaralanıb.
ATƏT-in açıqlamasında digər Ukrayna şəhərləri kimi Xarkovda da şəhərin mərkəzindəki bir çox yaşayış binalarının raket və artilleriya atəşləri nəticəsində dağıdıldığı bildirilir. ATƏT-in Baş katibi Helqa Mariya Şmid və hazırkı sədri – Polşanın Xarici İşlər naziri Zbiqnev Rau Rusiyanın apardığı əməliyyatlar nəticəsində günahsız vətəndaşların həlak olduğunu bildiriblər.
Regional hakimiyyətin məlumatına görə, 1 mart tarixində Xarkov şəhərinin atəşə tutulması nəticəsində 21 nəfər həlak olub.
Hürr Tərcüman