ATƏT-in Minsk qrupu yenidən siyasi gündəmdə...
ATƏT-in Minsk Qrupunun həmsədrləri-İqor Xovaev (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İrəvana və Bakıya situasiyanın gərginləşməsinin qarşısını almaq, eləcə də gələcək addımlar üçün konkret məqsədli tədbirlər təklif ediblər.
Bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
Qeyd olunur ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi müzakirəsi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan ilə Azərbaycanın xarici işlər nazirləri-Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrı görüşlər keçirmişlər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
"Həmsədrlər və xarici işlər nazirləri Ermənistanla Azərbaycan arasında həll olunmamış geniş problemləri müzakirə ediblər. Həmsədrlər, hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabr ayından bəri bu ilk görüşünü alqışlayırlar, iki ölkənin bölgədə təhlükəsizliyi, sabitliyi və rifahı təşviq etmək məqsədi ilə birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək əzminin əlaməti olaraq qəbul edirlər", deyə bəyanatda bildirilir.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll olunmamış məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün tərəflərlə əməkdaşlığı davam etdirmək öhdəliklərini təsdiq etdilər.
Ülviyyə, Hurriyyet.az