📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyədək yalnız turist səfərləri ilə məşğul olub, turizm üzrə ixtisaslaşıblar”

2021-11-11 16:56:00

“ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyədək yalnız turist səfərləri ilə məşğul olub, turizm üzrə ixtisaslaşıblar”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə artıq ikinci dəfədir ki, bir araya gəlirlər. Açığı, mən Minsk Qrupunun vasitəçiliyinə heç bir əsas görmürəm. Amma ola bilər ki, bilmədiyimiz bəzi məsələlərə görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyini “diriltmək” lazımdır. Yəqin, müsbət tərəfi var”.

Hurriyyet.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Minsk Qrupu öz missiyasını yenidən bərpa etmək istəyir: “Əlbəttə ki, bu, Azərbaycan tərəfinə sərf etmir. Çünki həmin qurum bu və ya digər şəkildə həmişə Ermənistanı dəstəkləyir. Ona görə də Ermənistan bu məsələdə maraqlı ola bilər. Əgər ATƏT-in Minsk Qrupunun həmsədrliyinə Türkiyə və ya Pakistan qoşulmuş olsa, bu formatda nəsə düşünmək olar. Amma indilik Minsk Qrupunda xristian həmrəyliyi müşahidə edilir, onlar ötən 28 il ərzində Azərbaycana münaqişənin həll olunması ilə bağlı heç bir dəstək verməyiblər. Bu günə qədər bir dəfə də olsa, Ermənistanı işğalçı dövlət kimi tanımayıb, yalnız turist səfərləri ilə məşğul olub, turizm üzrə ixtisaslaşıblar. İstənilən halda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsində qəbahət görmürəm. Çünki Prezident İlham Əliyev Ermənistanla sülh danışıqlarına hazır olduğumuzu bəyan edib. Ermənistan təkcə kapitulyasiya aktını imzalamaqla qalmayacaq, həmçinin Azərbaycanın sərhədlərini tanıyacaq. Yalnız belə olan halda, Ermənistan Qarabağ münaqişəsinin olmadığını təsdiq edəcək. Yəni, bunun üçün Ermənistanın təsdiqi mütləq vacibdir. Həmçinin onu da qeyd edim ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların baş tutması daha məqsədəuyğundur, nəinki Rusiyanın iştirakı ilə. Çünki Rusiyaya Qafqazla bağlı Azərbaycan və Ermənistan deyil, öz siyasi maraqlarının təminatı  maraqlıdır. Rusiya, Azərbaycan ərazisində yerləşdirilmiş sülhməramlı kontingentinin burada müvəqqəti deyil, daimi qalmasını istəyir. Bu isə, əlbəttə ki, Azərbaycan qanunlarına yaddır”.

Qeyd: Noyabrın 10-da YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü baş tutub.