📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AUKUS-a qarşı çıxan Fransa müzakirələrə əngəl ola bildi

2021-10-01 14:59:00

AUKUS-a qarşı çıxan Fransa müzakirələrə əngəl ola bildi

Hurriyyet.az xəbər verir ki, ABŞ, İngiltərə və Avstraliya arasında 15 sentyabr tarixində imzalanmış AUKUS hərbi ittifaq müqaviləsindən sonra, Avropa İttifaqı ilə Avstraliya arasında azad ticarət razılaşmasının əldə edilməsi müzakirələri təxirə salınıb.

Avstraliyanın Ticarət naziri Dan Tehan məsələ ilə bağlı verdiyi açıqlamada Aİ ilə Avstraliya arasında davam edən azad ticarət müqaviləsi müzakirələrinin oktyabr ayından noyabr ayına keçirildiyini bildirib.

Avstraliyanın Baş naziri Skott Morrison, ABŞ Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Conson 15 sentyabrda videokörpü yolu ilə görüşərək, AUKUS adlı yeni alyansın yarandığını bəyan eləmişdilər.

Razılaşma əsasında, Avstraliyanın Adelaide şəhərində azı 8 atom sualtı qayığı inşa ediləcəyi açıqlanmışdı.

Bundan sonra Avstraliya dövləti Fransa şirkəti ilə 2016-cı ildə imzaladığı və 12 sualtı qayığın inşasını nəzərdə tutan 65 milyard ABŞ dolları (90 milyard Avstraiya dolları) həcmində müqavilədən imtina eləyib.

Müqavilənin ləğv edilməsini “xəyanət” olaraq qiymətləndirən Fransa Prezident E.Makronun göstərişi ilə Kanberra və Vaşiqntondakı səfirlərini təcili geri çağırmışdı.

Bundan sonra Fransa hökuməti Avropa İttifaqı ilə Avstraliya arasında azad ticarət danışıqlarının aparılmasına əngəl olacağına işarə vurmuşdu.

Avropa Komissiyasının sədri Ursula von der Leyen məsələ ilə bağlı açıqlamasında Avstraliyanın müqaviləni ləğv eləməsi ilə Parisə qarşı davranışını “qəbuledilməz” adlandırmış, Avropa İttifaqının üzvü olan Fransanı dəstəkləmişdi.

Hürr Tərcüman