Avdeyevka alınsa nə baş verəcək?- ABŞ Müharibə Araşdırmaları İnstitutu açıqladı
“Avdeyevka işğal edilərsə belə, ruslar sürətlə irəliləyib şəhərin qərbindəki böyük yaşayış məntəqələrini tuta bilməyəcəklər”.
Hurriyyet.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(İSW) son hesabatında belə deyilir. Amerikalı mütəxəssislər qeyd edirlər ki, işğalçı qoşunlar Avdeyevka ətrafında çox ağır itkilər veriblər və yeni əraziləri ələ keçirmək üçün onlara bərpa olunmaq, istirahət etmək lazımdır. Bu isə kifayət qədər böyük vaxt aparacaq.
Hesabatda qeyd olunur ki, rus ordusu Avdeyevkanı ələ keçirmək üçün hücuma keçən ilin oktyabrında başlayıb. Bununla belə, onlar aylarla davam edən piyada hücumlarından və böyük texnika və canlı qüvvə itkisi ilə müşayiət olunan kütləvi mexanikləşdirilmiş hücum dalğalarından sonra yalnız bu yaxınlarda şəhərdə taktiki olaraq hərəkət etməyə başlayıblar.
Analitiklər Ukrayna Silahlı Qüvvələrini düşmənin ələ keçirməyə çalışdığı Avdeyevka ətrafındakı yaşayış məntəqələri yaxınlığında yaradılmış yaxşı müdafiə istehkamlarına görə tərifləyiblər. Bu ərazidə ən yaxın nisbətən böyük yaşayış məntəqələri Avdeyevkadan ən azı 30 kilometr qərbdə yerləşir. Mütəxəssislər qeyd edib ki, ruslar sürətli hücum həyata keçirmək və bu yaşayış məntəqələrini nə yaxın, nə də orta müddətli perspektivdə zəbt etmək imkanına malik deyillər. Nəticədə Avdeyevkanın potensial işğalı Rusiya qoşunlarına ən yaxşı halda, əlavə məhdud taktiki üstünlüklər üçün şərait yarada bilər.
AzPolitika.info