Avropa Birliyi ordusu yaradılacaq
Avropa Birliyi ölkələri öz hərbi qüvvələrini yaratmaq üçün fəal şəkildə çalışmalıdırlar. TASS-ın verdiyi xəəbərə görə, bu barədə ötən çərşənbə axşamı AB-nin ən böyük dövlətlər üstü siyasi qurumu olan Avropa Xalq Partiyası açıqladı.
“Avropa Birliyi ölkələri müdafiə mövzusunda sıx əməkdaşlıq etməlidir. Biz bir addım irəli getməliyik və Avropa Birliyinin öz hərbi qüvvələrini yaratmalıyıq. Gəlin birlikdə Avropanı müdafiə edək”, deyə partiyanın “Twitter”də yaydığı bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, sentyabrın 2-3-də AB xarici işlər nazirləri təxminən 5 min nəfərdən ibarət Avropa İttifaqının çevik hərbi qüvvəsini yaratmaq ideyasını müzakirə etdilər. Yeni Avropa təhlükəsizlik strategiyası "AB Strateji Kompası"nın qəbul edilməsi çərçivəsində bu məsələnin 2020-ci ilin martına qədər həll edilməsi gözlənilir. Avropa İttifaqının çevik hərbi qüvvələrinin mümkün qədər tez vaxtda yaradılması ideyasını AB Hərbi Komitəsinin rəhbəri general Robert Briger də dəstəklədi.
Eyni zamanda, NATO -nun baş katibi Yens Stoltenberq bu təşəbbüsə qarşı çıxdı, çünki onun fikrincə, bu, AB və NATO-nu parçalaya bilər.
Ülviyyə Şükürova
Hurriyyet.az