📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı Ermənistandakı missiyasını genişləndirmək istəyir – “Bu, bizi yox, Rusiyanı narahat etməlidir...”

2023-10-21 12:57:11

Avropa İttifaqı Ermənistandakı missiyasını genişləndirmək istəyir – “Bu, bizi yox, Rusiyanı narahat etməlidir...”

Avropa İttifaqının yüksək rütbəli rəsmilərindən biri erməni mediasına bildirib ki, Ermənistanda yerləşdirilən müşahidə missiyasının tərkibi genişləndirilə bilər. Adı çəkilməyən həmin diplomat bu zərurəti Azərbaycandan guya Ermənistanın ərzi bütövlüyünə təhdidlərin mövcud olması ilə əsaslandırıb.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədlərinə yerləşdirilmiş avropalı müşahidəçilərin qalma müddəti 2024-cü ilin fevralına qədər uzadılıb. Hazırda onların sayı 100 nəfərdir, gələcək planda müşahidəçilərin 400 nəfərə çatdırılması barədə fikirlər səsləndirilib.

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan ərazilərinə hər hansı iddia yoxdur. Bu günlərdə Prezidentin köməkçisi Elçin Əmirbəyov da rəsmi Bakının Zəngəzuru Ermənistanın suveren ərazisi kimi tanıdığını bildirib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Avropa İttifaqının Ermənistandakı müşahidəçilərinin sayının artırılması Azərbaycanı yox, Rusiyanı narahat etməlidir. “Kremldəkilərin fikrincə, həmin missiya Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası haqqında kəşfiyyat məlumatları toplayır. ABŞ və Fransa Baş nazir Nikol Paşinyanı Rusiyadan uzaqlaşdırmağa və Rusiyanın Ermənistandakı hərbi bazasının yaxın müddətdə çıxarılmasına təşviqə çalışırlar. Bu məsələlərin Azərbaycana aidiyyatı yoxdur”, - ekspert əlavə edib.

E.Şahinoğlu deyir ki, Ermənistanda, ABŞ-da və Avropanın bəzi ölkələrində “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirməyə çalışır, bu səbəbdən Ermənistanla sərhəddə Avropa İttifaqı müşahidəçilərin sayı artırılmalıdır” çağırışları eşidilsə də, bunun da bizə dəxli yoxdur. Bu, həmin missiyanı Ermənistanda saxlamaq və gücləndirmək üçün Brüsselin və Vaşinqtonun bəhanəsidir. Bu bəhanəylə mübarizə aparmaq isə Azərbaycanın deyil, Rusiyanın problemidir”, - politoloq vurğulayıb.

azpolitika.info