Avropa İttifaqı rus neftinə qiymət tavanını aşağı saldı - 44,1 dollara endirir..
Avropa İttifaqı (Aİ) 1 fevral tarixindən etibarən rus xam neftinə tətbiq olunan qiymət tavanını 47,6 dollardan 44,1 dollara endirəcək.
Hurriyyet.az “AzPolitika”-a istinadən bildirir ki, bu barədə qərar Aİ Şurasının rəsmi saytında dərc olunub.
Qərar, Rusiya-Ukrayna müharibəsinin davam etməsi fonunda qəbul olunub. Xatırladaq ki, ilkin olaraq dekabr 2022-ci ildə qiymət tavanı 60 dollar səviyyəsində müəyyən edilmişdi. 2025-ci ilin sentyabrından isə bu göstərici 47,6 dollara endirilmişdi.
Rusiyada qiymət tavanı ilə uyğun satış qadağandır və bu qadağa dəfələrlə uzadılıb. Sonuncu dəfə bu qadağa 2026-cı il 30 iyun tarixinə qədər qüvvədə saxlanılıb.
Dekabr ayında “Reuters” agentliyi xəbər vermişdi ki, "Qrup Yeddi" ölkələri və Aİ, rus neftinin dəniz yolu ilə daşınmasına xidmətlərin tam qadağan olunması variantını müzakirə edirlər. Bundan əvvəl Avropa İttifaqı qiymət tavanının bazar dəyərinə görə hər üç ayda bir yenilənməsini nəzərdən keçirirdi.