📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa İttifaqı Rusiyanın dondurulmuş vəsaitlərini Ukraynanın bərpasına yönləndirmək fikrindədir

2022-05-18 13:04:00

Avropa İttifaqı Rusiyanın dondurulmuş vəsaitlərini Ukraynanın bərpasına yönləndirmək fikrindədir

Aİ Ukraynanı bərpa etmək üçün Rusiyanın sanksiyaya məruz qalmış oliqarxlarının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə imkanlarını nəzərdən keçirməyi planlaşdırır. Eyni məqsədlər üçün borc öhdəliklərinin emissiyasına başlanılması da nəzərdə tutulur. Bu barədə "Bloomberg" məlumat yayıb.
Bu gün Avropa Komissiyası Ukraynaya dəstək üçün birliyə üzv dövlətlərdən və üçüncü ölkələrdən qrantların yönəldilməsi təklifi ilə çıxış edəcək. Aİ müttəfiqlər və beynəlxalq təşkilatlarla koordinasiyada Ukraynanın qarşıdakı üç ayda 15 milyard dollarlıq maliyyə çatışmazlığını ödəmək üçün yardım paketi təklif edəcək. Ukraynanın XİN naziri Dmitri Kuleba da bazar ertəsi Aİ-dəki həmkarlarına bildirib ki, ölkəsinin yenidən qurulması üçün 1 trilyon avroya qədər vəsait lazım ola bilər.
Agentlik mənbələrinin məlumatına görə, AK təcili hökumət xərclərini maliyyələşdirmək üçün Kiyevə 7-9 milyard avro arasında kredit təklif edəcək. Təklif layihəsinə əsasən, Aİ-yə üzv dövlətlər uzunmüddətli kreditlərə imkan verəcək yeni təminatlar təklif edəcəklər və icma büdcəsindən ayrılan qrantlar faiz ödənişlərinin subsidiyalaşdırılmasına yönəldiləcək.

Ülviyyə, Hurriyyet.az