Avropa İttifaqının 4 ölkəsindən Rusiyanın 40 diplomatı qovuldu
Lavrovun nazirliyi ixtisarlar aparacaq?
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Avropa İttifaqının üzvü olan dörd ölkə Rusiyaya qarşı yeni addım atıb. Hollandiya, Belçika, İrlandiya və Çexiya dövlətləri 40-dan artıq rusiyalı diplomatı ölkəsindən qovmağı qərara alıb. Bu 4 ölkə rusiyalı diplomatların casusluq fəaliyyəti ilə məşğul olduqlarını iddia edir. Qərar Hollandiya ilə Belçikanın kəşfiyyat idarələrinin əldə elədikləri məlumata əsasən verilib.
Holandiya 17 rus diplomatının, Belçika isə 21 rus diplomatının 2 həftə ərzində ölkəni tərk eləməsini tələb edib. Mətbuatın yazdığına görə, Hollandiyanın gizli kəşfiyyat xidməti həmin 17 nəfər diplomatı kəşfiyyat zabiti kimi gizli fəaliyyət göstərməkdə ittiham edir. Hollandiyanın Xarici İşlər naziri deyib: “Bu insanların vəsiqələrində diplomat olduqları yazılır, lakin əslində tamamilə başqa işlə məşğuldurlar”. Həmin fəaliyyətin nədən ibarət olduğu isə konkret açıqlanmayıb
Ardından Çexiya ilə İrlandiya da eyni addımı atıblar.
İrlandiyanın Baş naziri millət vəkillərinə açıqlamasında kəşfiyyat işçilərindən tövsiyə aldıqdan sonra 4 rusiyalı diplomatı sərhəddən çıxarmağı qərara verdiklərini bildirib.
Çexiyada isə vəziyyətlə bağlı açıqlamada deyilir: “Müttəfiqlərimizlə birlikdə Avropa İttifaqındakı Rusiya kəşfiyyatının sayını azaldırıq”.
Bundan əvvəl isə ABŞ, Polşa, Bolqarıstan, Slovakiya, Estoniya, Latviya, Litva və Qaradağ Rusiya diplomatlarını ölkədən çıxarıblar.
Hürr Tərcüman