"Avropa İttifaqının qərarı İvanişvilinin pərdə arxasından növbəti dəfə çıxaraq aktivləşməsinə səbəb oldu" - ŞAHİN CƏFƏRLİ
"Tiflisdə etiraz aksiyasının daha izdihamlı alınması isə bir daha göstərir ki, avrointeqrasiya xalqın qırmızı xəttidir və bu məsələdə cəmiyyətin konsensusu var"
"Ötən il dekabrın 5-də Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu aldı. Bununla bərabər Avropa İttifaqı 9 şərt qoydu ki, yalnız bunların icrasından sonra üzvlük müzakirələri başlaya bilər. Şərtlər təbii ki, demokratikləşmə, insan haqları, məhkəmə müstəqilliyi, ədalətli seçki ilə əlaqəli məsələlərdir. Lakin bir şərt də var: deoliqarxizasiya. Burada ad çəkilmədən Bidzina İvanişvilinin dövlət idarəçiliyindəki dominant rolunun ləğvi, ölkənin onun nəzarətindən çıxarılması tələb edilir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Siyasi şərhçi bildirib ki, Avropa İttifaqının qərarı İvanişvilinin pərdə arxasından növbəti dəfə çıxaraq aktivləşməsinə səbəb oldu: "O, "Gürcü Arzusu"nun 30 dekabr tarixli qurultayında özünü partiyanın fəxri sədri seçdirdi. Nizamnaməyə isə belə bir maddə daxil etdi ki, partiya hökuməti formalaşdırarkən baş nazir vəzifəsinə namizəd fəxri sədr tərəfindən irəli sürülür. Sonra İvanişvili növbəti baş nazir dəyişikliyinə gedərək Qaribaşvilini ən güvəndiyi kadrı olan Kobaxidze ilə əvəz etdi. Nəticədə qoca oliqarx həm partiya, həm də dövlət üzərində nəzarətini daha da gücləndirdi. Ötən illərdə baş nazirlər Kvirikaşvili və Qaxariyanın İvanişvilinin kölgəsindən çıxıb müstəqilləşmə meylləri göstərdikləri üçün xain damğası vurularaq vəzifədən kənarlaşdırılmalarını xatırlatmaq yerinə düşər".
Şahin Cəfərlinin sözlərinə görə, indi ölkənin avrointeqrasiyanı sabotaj edən "Xarici agent" haqqında qanun layihəsini təkrar gündəmə gətirməklə İvanişvili ölkəyə sahibliyini qorumağa çalışır: "Onun Brüsselə verdiyi mesaj budur ki, Gürcüstanı qəbul edirsinizsə, bu şəkildə edin, məni əlimdəki dövlət gücündən məhrum edib, şəxsi taleyimə və kapitalıma təhlükə yaratmağa çalışmayın. Şübhəsiz ki, Bidzina Moskva ilə qapalı kanallarla müntəzəm əlaqədədir. Tiflisdə etiraz aksiyasının daha izdihamlı alınması isə bir daha göstərir ki, avrointeqrasiya xalqın qırmızı xəttidir və bu məsələdə cəmiyyətin konsensusu var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az