Avropa İttifaqının rəsmiləri: “Qəzzanı bombalayanlar məsuliyyətə cəlb edilməlidirlər”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen Qəzza sektorundakı xəstəxanaya zərbə endirilməsinə “heç bir yolla haqq qazandırmağın mümkün olmadığını” bəyan edib və müqəssirləri məsuliyyətə cəlb eləməyə çağırıb.
Lyayen “İks” (X – keçmiş “Tvitter”) sosial şəbəkəsində yazıb: “Əl Əhli xəstəxanasına zərbələr və orada çox sayda insanın həlak olması məni kədərləndirib. Tibb personal və mülki vətəndaşlarla dolu olan xəstəxanaya hücum edilməsinə heç cür haqq qazandırmaq olmaz. Bütün faktlar dəqiqləşdirilməli və müqəssirlər məsuliyyət daşımalıdırlar”.
Bundan əvvəl isə - Avropa İttifaqının dövlət başçılarının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili görüşündən sonra keçirilmiş mətbuat konfransında fon der Lyayen Qəzza sektorundakı xəstəxanaya zərbə endirilməsinə şərh verməkdən imtina eləmişdi.
Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəhbəri Jozep Borrel də Qəzza xəstəxanasına hücumu “çox dəhşətli cinayət” adlandırmış və günahkarları məsuliyyətə cəlb eləməyə çağırmışdı.
Avropa Şurasının sədri Şarl Mişel də öz növbəsində deyib: “mülki infrastruktura zərbələr humanitar normaların pozulmasıdır”.
Hürr Tərcüman