Avropa İttifaqının sərhədində xaos. Rus mətbuatı atəş açıldığını iddia etdi
Hurriyyet.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Belarusdan keçən qaçqın karvanı bazar ertəsi günü Polşaya doğru yürüşə başlayıb. Avtomobil yolunu kəsən qaçqınların hədəfi Bruzqi sərhəd məntəqəsindən keçmək olub. Qaçqınları silahlı Belarus əsgərləri müşayiət edib, onların bəzilərini avtomobillərlə sərhədə aparıblar.
Həftələrlə Belarusla Polşa sərhədindəki meşədə çadır qurmuş 2000 nəfərdən çox qaçqının bir gündə Qrodno şəhərindəki Avropa ittifaqı sərhədində toplaşması Polşada həyəcana səbəb olub. Polşa 30 min nəfər əsgərini sərhəddə toplayıb. Sərhəddə baş verənlər videolara çəkilərək sosial mediada paylaşılıb.
Polşa əsgərləri sərhəd məftillərini aşmaq istəyən qaçqınlara qarşı bibər qazından istifadə edib, vertolyotlar havaya qaldırılıb.
Rusiya mediası Polşa ordusunun atəş açdığını irəli sürüb. Belarusun Dövlət Sərhəd Komitəsinin rəsmi təmsilçisi Anton Bıçkovski bazar ertəsi günü verdiyi açıqlamada Belarus-Polşa sərhədində silah səsləri eşidildiyini bildirib.
Bazar ertəsi günü fövqəladə iclas keçirmiş Varşava hökuməti qaçqınların qapılara hücum edəcəyi təqdirdə hadisələrin böyüyəcəyini və xoşagəlməz hadisələrin baş verəcəyi barəsində xəbərdarlıq edib. Polşanın Baş naziri Moteuş Moravetski deyib: “Polşa sərhədi sadəcə xəritədə cizgi deyil, bu sərhədi qorumaq üçün minlərlə polyak canını verib. Bu qətiyyəti davam etdirəcəyik, heç kim sərhəddən icazəsiz daxil olmayacaqdır”.
Yerli mənbələr həftələrlə Belarusda gözləyib bazar ertəsi günü sərhədə çatan köçkünlərin əksəriyyətinin İraq əsilli olduqlarını, aralarında qadınlarla uşaqların da olduğunu bildirir.
Hürr Tərcüman