"Avropa Parlamentinin qərəzli bəyanatları onun nüfuzuna xələl gətirir" - MİLLƏT VƏKİLİ
Vüqar Bayramov: "Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həmçinin regionda Avropa dəyərlərinə ciddi zərbə vurur"
"Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Sözügedən parlamentdə “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qəbul edilən yeni qərəzli qətnamə bu qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq etdi". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, qətnamədə siyasi etik normalardan kənara çıxan təhqiramiz ifadələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid etmə cəhdlərinin olması qurumun ölkəmizə qarşı qərəzini aydın şəkildə göstərir: "Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həmçinin regionda Avropa dəyərlərinə ciddi zərbə vurur. Dəyərləri qorumaq lazımdır, cənablar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az