📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Avropa Şurası Cənubi Qafqazda sülhü əngəlləyir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-01-25 13:55:34

"Rusiya isə çalışır ki, Azərbaycanla Qərbin bütün bağları qopsun"

"Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin tərkibinin təsdiq edilməməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurmaq və regionda yaranan geosiyasi nizamı qəbul etməməkdir". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq hesab edir ki, Avropa Şurası Qarabağ erməniləri, keçmiş Laçın dəhlizi, Ermənistanın ərazi bütövlüyü ilə bağlı spekulyasiyalardan istifadə edərək regionda sülhü əngəlləyir: "Ümumiyyətlə, Azərbaycanın Ermənistana ərazi iddiaları yoxdur. Qeyd edim ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etmişdi. İran ərazisindən Naxçıvana yol çəkilir. Amma Azərbaycan Zəngəzur yolu ilə bağlı maneəsiz giriş-çıxışı tələb edir. Azərbaycan bu məsələni gündəliyə çıxarıb. Bu sülhün əsas komponentidir. Lakin burada Rusiya pozucu fəaliyyət göstərir".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Kreml çalışır ki, Azərbaycanla Qərbin bütün bağları qopsun: "Avropa Şurası da Azərbaycana qarşı Rusiyanın siyasətinə, yənin onun əlinə oynayır. Düşünürəm ki, Avropa Şurasından çıxmaqla Azərbaycan xarici siyasətində Qərblə əlaqələrdə müəyyən problemlərə yol aça bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az