"Avropa Şurasında üzvlük Azərbaycanın sülh təminatçısıdır" - İLQAR MƏMMƏDOV
"Yox, mütləq regional müharibələrə səhnə olmaq istəyiriksə, gündəlik raket-bomba dərdi çəkmək istəyiriksə, onda Şuradan çıxıb bunun ehtimalını lap yüksəklərə qaldıraq"
"Azərbaycanın Avropa Şurasından çıxması ölkəmizi regional müharibələrin səhnəsinə çevirmək işində ən ciddi maneələrdən birini aradan qaldıracaq. Şuranın bütün qüsurlarına baxmayaraq, Avropa Şurasında üzvlüyümüz davamlı, strateji sülh təminatlarından biridir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.
Partiya sədri hesab edir ki, bu səbəbdən də Azərbaycan xalqı və dövləti Avropa Şurasına üzvlüyü yüksək dəyərləndirməlidir: "Əks təqdirdə, müharibələr, bombalar, raketlər və qarışıqlıq - bunların həyatımızın bir hissəsinə çevrilməsi təhlükəsi yüksəkdir. Həmin müharibələrdə əlbəttə kimsə haqlı, kimsə haqsız olacaq, kütlələr daha da coşacaq və daha da çox qan töküləcək. Sülh istəyən hər bir azərbaycanlı Avropa Şurasında ölkəmizin üzvlüyünün qorunması üçün əlindən gələn hər şeyi etməlidir. İlk növbədə hökumət insan haqları ilə bağlı Şuranın irəli sürdüyü düzgün iradları qəbul etməlidir. Bu, Şuranın bəzi əsassız iradlarını rədd etmək üçün hamımıza əlavə imkanlar verər. Burda məsələ kimin kağızda haqlı olub olmamasından getmir. Şurada üzvlük Azərbaycanın sülh təminatçısıdır. Yox, mütləq regional müharibələrə səhnə olmaq istəyiriksə, gündəlik raket-bomba dərdi çəkmək istəyiriksə, onda Şuradan çıxıb bunun ehtimalını lap yüksəklərə qaldıraq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az