📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avstraliya Yeni Kaledoniyadakı vətəndaşlarını hərbi təyyarələrlə təxliyə etməyə çalışır

2024-05-20 10:25:15

Avstraliya Yeni Kaledoniyadakı vətəndaşlarını hərbi təyyarələrlə təxliyə etməyə çalışır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yeni Kaledoniyada baş verən etiraz aksiyaları ilə əlaqədar Avstraliya öz vətəndaşlarını bu ölkədən təxliyə etmək niyyətindədir. 
Avstraliyanın Baş naziri Entoni Albaneze mövcud vəziyyətin mülki aviasiyanın uçmasına mane olması səbəbindən, Avstraliyanın Hərbi Hava Qüvvələrinin havaya qalxması üçün Kanberranın Parisdən icazə almağa çalışdığını söyləyib. Albaneze bildirib ki,  Avstraliya hökuməti Fransa hökuməti ilə birlikdə öz vətəndaşlarının hava qüvvələri vasitəsi ilə Yeni Kaledoniyadan təxliyə etmək yollarını müzakirə edir.
Albaneze "ABC Brisbane" radiosuna müsahibəsində deyib: "Yeni Kaledoniyadakı vəziyyət dərin narahatlıq doğurur. Biz oradakı avstraliyalılara kömək etmək üçün əlimizdən gələni edirik və Fransanın hakimiyyət orqanları ilə təmasdayıq. Hazırda vəziyyət mülki aviasiya uçuşlarına imkan vermir və biz Avstraliya HHM-in uçuşu üçün icazə almağa çalışırıq".
Baş nazir Avstraliyanın Yeni Kaledoniyadakı konsulluğunun bağlandığını, lakin çətin vəziyyətdə olan avstraliyalılarla əlaqə saxlanılması üçün “konsulluğun 24 saatlıq təcili yardım mərkəzinin” yaradıldığını deyib. Avstraliya Xarici İşlər Nazirliyinin məlumatına görə, Yeni Kaledoniyada ümumilikdə 300 nəfərə yaxın Avstraliya vətəndaşı yaşayır.
Yeni Kaledoniyanın paytaxtında  Fransanın yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsi ilə bağlı qanun layihəsinə etirazlar mayın 13-dən bəri iğtişaşlara çevrilib. Onların çoxu azyaşlı olan iştirakçıları mağaza, aptek və yanacaqdoldurma məntəqələrini qarət edərək yandırıblar. Fransa rəsmiləri yüzlərlə itki olduğunu bildirib, altı nəfərin də öldüyü təsdiqlənib. Yeni Kaledoniyada mayın 15-də 12 gün müddətinə fövqəladə vəziyyət elan edilib, limanların və aeroportların mühafizəsi üçün hərbçilər gətirilib.


Hürr Tərcüman