Avstraliyanın Baş naziri Makrona sərt cavab verdi
Hurriyyet.az xəbər verir ki, Avstraliyanın Baş naziri Skott Morrison iki ölkə arasında sualtı qayıq satışı razılaşmasının ləğv edilməsi ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makronun açıqlamalarına etiraz edərək, ölkəsinin “təhqir edilməsini və alçaldılmasını” qəbul etməyəcəyini bildirib.
Baş nazir Morrison Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin 26-cı İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı Makron tərəfindən iki ölkə arasındakı sualtı razılaşmanın ləğv edilməsi ilə bağlı ona qarşı “yalan danışır” ittihamlarını rədd edib.
Morrison Fransanın bu müqavilənin ləğv edilməsindən məyus olduğunu qəbul edib, lakin ölkəsinin “alçaldılmasına” icazə verməyəcəyini vurğulayıb. Morrison deyib: “Mənim çiyinlərim genişdir, bunun (ittihamların) qarşısında duruş gətirə bilərəm. Avstraliyanın alçaldılmasına icazə verməyəcəyəm. Ölkəminzin etibarlılığına kölgə salınmasına və həqarətlərlə qaralanmasına icazə verməyəcəyəm”.
Morrison Avstraliya ilə Fransanın münasibətlərinin bərpa edilmək üzrə olduğunu bildirərək deyib: “Son bir neçə gün ərzində bir neçə dəfə danışdıq. Avstraliyaya qayıtmazdan əvvəl danışıqların davam edəcəyinə əminəm”.
İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər sammitində Avstraliya ilə Fransa arasında sualtı böhranı ilə bağlı suallara cavab verən Makron bir jurnalistin “Skott Morrisonun sizə yalan söylədiyini düşünürsünüzmü?” sualının cavabında demişdi: “Düşünmürəm, bilirəm”.
Yalan danışdığı iddiasını rədd edən Morrison iyun ayında Yelisey sarayındakı axşam yeməyi zamanı məsələni dəqiq şəkildə gündəmə gətirdiyini bildirib.
Hürr Tərcüman