📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtomobil ehtiyat hissələrinin qiymətində kəskin bahalaşma

2022-02-01 11:11:00

Avtomobil ehtiyat hissələrinin qiymətində kəskin bahalaşma

Elməddin Muradlı: "Ehtiyat hissələri, sürtkü yağları, avtomobil aksesuarları və s. hamısı bahalaşıb"

Rəşad Həsənov: "Sahibkarlar rahat şəkildə ehtiyat hissələrini əldə edə bilmirlər… "

Razi Abbasbəyli: "Burda əsas səbəb Dövlət Gömrük Komitəsinin inzibati basqı imkanlarının tətbiq edilməsidir"

“Həm Avropa, həm də Asiya bazarlarında avtomobil ehtiyat hissələrinin qiymətlərinin enməsi tendensiyası müşahidə edilir. Azərbaycanda qiymət artımı ənənə xarakteri alıb”

Son bir ayda Azərbaycanda avtomobillərin ehtiyat hissələri kəskin şəkildə bahalaşıb. Bununla bağlı avtomobil istifadəçilərinin çoxsaylı narazılıqları ilə qarşılaşırıq. Mövzunu araşdırmaq üçün Bakı şəhərində yerləşən bəzi ehtiyat hissələri satılan mağazalarda olduq. Həmsöhbət olduğumuz satıcıların sözlərinə görə, avtomobil yağlarından iri ehtiyat hissələrinə kimi, bütün detallar kəskin bahalaşıb. Sahibkarlar bunu Gömrük rüsumlarının süni surətdə qaldırılması ilə əlaqələndirirlər.

Daha sonra bəzi ehtiyat hissələrinin satış mərkəzləri ilə əlaqə saxladıq. Onlar mator yağlarının və əksər detalların qiymətində 30-40 faiz artım olduğunu qeyd etdilər.

Bəs, görəsən, neçə faiz artım baş verib və bunun səbəbi nədir? Bu halları araşdırmaq üçün ekspertlərlə hömsöhbət olduq.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Hürriyyət"ə bildirdi ki, əgər avtomobillərin qiyməti bahalaşırsa, ehtiyat hissələrinin də qiymətinin artması təbii prosesdir: "Elə bir sahə yoxdur ki, orda qiymət artımı başa verməsin. Düşünürəm ki, ehtiyat hissələri onların fonunda kiçik bir məsələdir. Demək olar ki, hər gün bahalaşma prosesi gedir. Ehtiyat hissələrinin ölkəyə gətirilməsi bahalaşır. Digər tərəfdən də dolların qiyməti bahalaşır, bu da qiymət artımına çox böyük təsir göstərir. Bir çox səbəblər var ki, qiymət artımına təsir edən amillərdəndir. Əgər avtomobillərin qiyməti bahalaşırsa, ehtiyat hissəsi necə ucuz qala bilər?! Hansı ki, həmin avtomobil həmin ehtiyat hissələrindən yığılır. Bu baxımdan da qiymət artımı təbii prosesdir.

Demək olar ki, avtomobil ehtiyat hissələri sahəsi tam sərbəst sahələrdən biridir. Mən bildiyimə görə, burda hansısa monopoliya da yoxdur ki, kimsə qəsdən qiymət artımına səbəb olur. Sadəcə olaraq, real şərtlər var. Ehtiyat hissələri, sürtkü yağları, avtomobil aksesuarları və s. hamısı bahalaşıb. Təbii ki, bunlar dollarla alınıb ölkəyə gətirilir. Son vaxtlar dolların da qiymətində artım baş verib. Yanvarın 1-dən bir çox avtomobillərin aksiz vergisi də artıb. Eyni vergi dərəcələri ehtiyat hissələrinə də şamil olunub. Bu təsirlərdən dolayı sahibkarlar qiymətləri artırmaq məcburiyyətindədirlər".

 

Ekspert qeyd edib ki, bəzi məmurlar Azərbaycanda xarici avtomobil şirkətlərinin iş qurmasına mane olur ki, onlarda ölkədən qaçmaq məcburiyyətində qalırlar: "Artıq Azərbaycanın ehtiyat hissələrinin istehsalında rolu olmalıdır. Buna da potensial var. Sadəcə olaraq bəzi məmurlar öz hərisliyindən əl çəksələr, ölkəyə gələn şirkətlərə “şapka” qoymasalar, əlavə pul tələb etməsələr və onlar üçün səmərəli şərait yaratsalar o zaman ehtiyat hissələrinin, sürtkü yağlarının istehsalı Azərbaycanda mümkün ola bilər. Dediyim kimi, bəzi məmurlar buna imkan vermirlər. Beləliklə ölkəyə gəlmək istəyən şirkətləri də ölkədən qaçırdırlar.

Ölkə rəhbərliyi xarici investorları ölkəyə cəlb etməyə çalışır, bəzi məmurlar isə elə şərtlər qoyur ki, şirkətlər qaçmaq məcburiyyətində qalır. Azərbaycanda ən çox idarə edilən avtomobillər Rusiya, Almaniya, Koreya və Yaponiya istehsalı olan avtomobillərdir. Bu ölkələrlə dioloqa girmək olar. Azərbaycanda Ələt iqtisadi zonası yaradılır. Ölkəmiz böyük ticarət yolunun üstündə yerləşir. Azərbaycanın həm də regiona mal satmaq imkanları var. Həmin şirkətlərə bunu izah etmək və şərait yaratmaq lazımdır. Avtomobil şirkətləri ilə əməkdaşlığa getmək lazımdır ki, onları ölkəmizə cəlb edə bilək. Gözləmək lazım deyil. Biz onlara gedib təkliflərimizi etməliyik. Bu, vətəndaşlarımızın işlə təmin olunmasına da şərait yarada bilər. Sadəcə, bu işləri görmək lazımdır. Yalandan boş-boş rəqəmlər demək lazım deyil.

Vaxtilə "Daewoo" şirkəti Azərbaycana gəlmək istəyirdi. Bəzi məmurlar elə şərtlər qoydu ki, onlarda başqa ölkədə işlərini qurdular. Biz "Daewoo"ları hazırda başqa ölkədən alıb gətiririk".

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, nəqliyyat xərcləri qalxdığına görə, ehtiyat hissələrinin qiyməti də qalxa bilər: "Təbii ki, bütün məhsulların qiyməti qalxıb. Nəqliyyat xərcləri qalxdığına görə, ehtiyat hissələrinin qiyməti də qalxa bilər. Böyük ehtimalla monopoliya da öz təsirlərini göstərir. Bu səbəbdən də bazarda rəqabət zəifir. Gömrüklə bağlı xüsusi bir rüsum dəyişikliyi baş verməyib. Ehtiyat hissələri də digər məhsullar kimi bahalaşa bilər. Dünya bazarında son dövrlər yanacağın qiyməti qalxır. Neft elə bir məhsul növüdür ki, bütün malların maya dəyərində öz əksini tapır. Bu qida məhsullarının və digər məhsulların qiymətində özünü göstərə bilər. Digər tərəfdən, sərhədlər iki ildir ki, bağlıdır. Sahibkarlar rahat şəkildə ehtiyat hissələrini əldə edə bilmirlər. Bu da daxili bazarda qiymət artımına səbəb olur. Digər tərəfdən isə təchizat zəncirində olan sahibkarların özlərinin də xərcləri artır. Onlar da bu ölkənin vətəndaşlarıdır və qaza, suya, işığa pul ödəyirlər. Mənfəət normasını artırmalıdırlar ki, dolana bilsinlər. Bütün bunlar hamısı birləşərək nəticədə digər məhsullarda olduğu kimi ehtiyat hissələrində də qiymət artımına səbəb olur. Ola bilər ki, hansısa spesifik məqam da var".

İqtisadçı Razi Abbasbəyli isə bahalaşmasının səbəbini Gömrük Komitəsi ilə əlaqələndirib. O, bu gün dünya bazarında baş verən tendensiyalarla müqayisədə Azərbaycanda qiymət artımının anormal bir hal olduğunu vurğulayıb: "Əslində dünya bazarlarında avtomobil istehsalçıları və avtomobil ehtiyat hissələrinin satışını həyata keçirənlər qiymətlərin artımı ilə bağlı hər hansısa qərar verməyiblər. Əksinə, Avropa ölkələrində son pandemiyadan əvvəlki dövr bərpa dövrü hesab olunur. Lakin sonradan iri maşınqayırma sənaye müəssisələri təxminən 30 faizə yaxın gəlir itirdilər. Nəticə etibarilə bəzi bazar iştirakçıları, xüsusilə də ehtiyat hissələri satan beynəlxalq şirkətlər qiymətlərin aşağı salınması haqqında düşünməyə başladılar. Bu gün həm Avropa, həm də Asiya bazarlarında avtomobil ehtiyat hissələrinin qiymətlərinin enməsi tendensiyası müşahidə edilir. Azərbaycanda qiymət artımı ənənə xarakteri alıb. Bu xüsusilə də ehtiyat hissələri bazarında müşahidə edilir.

Bu gün dünya bazarında baş verən tendensiyalarla müqayisədə Azərbaycanda qiymət artımı anormal bir haldır. Təbii ki, burda ilk növbədə Dövlət Gömrük Komitəsinin inzibati basqı imkanlarının tətbiq edilməsidir. Gömrük Komitəsi yanvar ayı üçün bəzi idxal rüsumlarını artırıb. Təbii ki, bu Nazirlər Kabinetinin qərarıdır. Amma təşəbbüs Dövlət Gömrük Komitəsindən gəlib. Gözlənilən bahalaşmanı dünya bazarındakı bahalaşma ilə əlaqələndirməyə, bundan sonra qiymətləri artırmağa çalışırlar. Sanki qiymət artımı Azərbaycanda ənənə halını alıb".

YƏHYA