📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Avtomobillərin utilizasiyaya cəlb edilməsi idxal avtomobillərinin xərcini artıracaq" - VÜQAR BAYRAMOV

2023-06-08 11:26:00

"Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir, bunun əsaslandırılmasına ehtiyac var"

"Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsi müzakirə olundu. Çıxışımda qeyd etdim ki, bir sıra region ölkələrinin və eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq, bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğun olardı. Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, utilizasiya ilə bağlı 2 fərqli praktika var: "Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var".

CESD sədri hesab edir ki, işlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq: "Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az